Anaların yerləşdirilməsi üsulları çoxdur. Lakin bu işin uğuru nəinki yerləşmə üsulu, hətta bir çox digər səbəblərdən də asılıdır. İlk növbədə arılar mayalanmış ananı mayalanmamış anaya nisbətən yaxşı qəbul edir. Ona görə də mayalanmamış ananın mayalanmış ana ilə əvəzlənməsi həmişə müvəffəqiyyətli olur. Yaşlı mayalı ananın gənc mayalı ana ilə əvəzlənməsi çox vaxtı müsbət olur (gənc mayalanmış ana yaxşı şəraitdə bəslənib, yəni o, iri və yaxşı inkişaf etmişsə). Ananın keyfiyyəti nə qədər yüksəkdirsə, bir o qədər də arılar tərəfindən yaxşı qəbul olunur.
Mayalanmamış ananı ailə həvəssiz qəbul edir. Çox vaxtı arılar onu öldürür, özlərinə isə yuvada olan gənc arı sürfələrindən istifadə edərək yeni ana çıxarır (Şəkil 2.3). Ona görə də mayalanmış ananın mayalanmamış ana ilə əvəzolunması çox nadir hallarda tətbiq olunur. Ətraf mühit də ananın qəbul olunmasına çox təsir göstərir. Hava yaxşı və yığım varsa, arılar nektar yığmaq və onun bala işlənməsi ilə məşğul olur, ona görə də bir ananın digər ana ilə əvəzlənməsi uğurla baş verir. Əksinə yığım olmadıqda arılar öz seçdikləri ananın əvəzinə özgə ananı həvəssiz qəbul edir.
Analar əvəz olunduqda həmişə hiss olunur ki, ailələr özgə analara nisbətən öz yetişdirdiyi analara daha çox meylli olur. Bəzən ailə yuvada açıq sürfə doğulana qədər (əgər açıq sürfə yoxdursa) ananı müvəqqəti olaraq qəbul edir, sonra isə özləri onu əvəz edir. Yuvada analıqlar varsa, adətən arılar özgə anaları qəbul etmir. Ailə çox sakit vəziyyətdə olduqda yerləşdirilmiş ananı daha yaxşı qəbul edir. Yeni ana yuvaya düşdükdə sanki arılardan gizlənərək sürətlə qaçırsa, arılar onu öldürə bilər. Sakit anaları arılar yaxşı qəbul edir.
Yaşlı ananı gənc ana ilə əvəz etmək üçün yaşlı arı tapın, onu yuvadan götürün, sonra isə ailəyə gənc mayalanmış ana və ya analıq verin (Şəkil 2.4). Baxmayaraq ki, yaşlı anaların əvəzlənməsi - nisbətən sadə əməliyyatdır, bu, arıxanada ən çox zəhmət tələb edən işlərdən biridir. Böyük ailədə ananı tapmaq üçün bütün çərçivələrə bir neçə dəfə baxış keçirmək lazımdır.
Ananı onu axtarmadan əvəz edin. Bunun üçün çərçivələrin arasına yetişdirilmiş analıq elə qoyulur ki, onun aşağı ucu asanlıqla görülsün.
Ananın çıxdığı və ya arıların analığı didib-didmədiyini yoxlayın. Analıq didildikdə arılara təkrarən analıq verin. Əgər arılar ikinci analığı da didsələr, ananı ailədə bir mövsüm də saxlayın (Şəkil 2.5).