Ana formasına görə seçilməyən, lakin irsi xüsusiyyətlərinə görə fərqlənən mayalanmış və mayalanmamış yumurtalar qoyur. İşçi arı və ya ana qovuqcuqlarına ana dişi cinsindən olan arı və ya ana arı doğulacaq mayalanmış yumurtalar qoyur, mayalanmamış yumurtalardan isə erkək cinsindən olan arılar doğulacaq (erkək arı qovuqcuqları işçi arı qovuqcuqlarından ölçüsünə görə bir az iri olur). Məhz bu səbəbdən mayalanmış yumurtalardan doğulmuş arılar və analarda ana və erkək arının irsi xüsusiyyətləri olur, erkək arılarda isə yalnız ananın irsi xüsusiyyətləri olur.
Yumurtanı adi gözlə də görmək mümkündür. Onun uzunluğu 1,5 millimetrdir və iri, bir az bükülmüş uzunsov ağ rəngdə hüceyrəyə oxşayır (Şəkil 1.11). Ananın ailədə olan şəraiti nə qədər yaxşıdırsa (kifayət qədər yemləyici arılar var, yüksək keyfiyyətli yem, yaxşı şanlar, istiliklə təmin olunubsa), bir o qədər də çox yumurtlaya bilər. Bununla bərabər ana xəstəliklərə qarşı davamlı olmaq, düşmənlərə müqavimət göstərmək, yay fəallığı, şanları hörmək, hirslilik, beçəverməyə meylli olmaq kimi xüsusiyyətlərini öz nəslinə keçirdir. Yaxşı ailənin olmasının əsası anadır, ona görə də yüksək məhsuldarlı anaları olan yüksək məhsuldarlı arı ailələrindən gənc anaların çıxarılması, onların yaxşı qulluq və saxlama şəraiti ilə təmin olunması çox vacibdir.
Ananın cinsiyyət üzvləri yaxşı inkişaf edir. Onlar qarıncığın ön hissəsində altı və yeddinci bel seqmentləri arasında yerləşən cüt yumurtalıqdan ibarətdir. Yumurtalıqlar armudaoxşar formadadır, uzunluğu 5-6 millimetr, diametri isə 3-4 millimetrdir. Mayalanmış analarda isə bu göstəricilər yüksək olur. Ananın hər yumurtalığı 100-200 yumurta borucuğundan ibarətdir, bəzi hallarda isə yumurtalıqlar, bədənin uzunluğu biri-birinə paralel olur. Bal arılarının anası çox nadir halda pətəyi tərk edir: bələdçi uçuş, erkək arı ilə cütləşmək və beçələmə vaxtı arı beçəsi ilə uçmaq üçün.
Arı ailələrində olan analar arasında arıxanada, adətən anaların bəziləri yüksək məhsuldarlıq və digər müsbət xüsusiyyətləri ilə (beçə verməmək, xəstəliklərə qarşı davamlılığı və s.) seçilir. Bu cür analar rekord və yaxşılaşdırıcı analara bölünür. Rekord analar - müsbət göstəricilərinə görə ən yaxşı anadır (Şəkil 1.12).