Hörmətli oxucu!
Azərbaycan tarixən arıçılıq ənənələrinə malik ölkədir. Artıq IV əsrdə Azərbaycan ərazisində meşə arıçılığı ağac koğuşundan bal toplanması, yaxud “bal ovu”, XVIII əsrdən isə şəxsi arıçılıq təsərrüfatları geniş yayılmışdır. Arıçılığın qədim ocaqları Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Həmin bölgələrin balverən bitkilərlə zəngin yerləri və əlverişli iqlimi vardır. Azərbaycanda XIX əsrdə çərçivə pətəklərin dövrü başlandı. O vaxtdan etibarən arıçılıq intensiv inkişaf edərək getdikcə daha böyük gəlir gətirməyə başladı. Lakin qeyd etmək lazımdır ki, müstəqillik qazandıqdan sonra ölkədə arıçılıq təsərrüfatları azalmağa başlamış, əsasən həvəskar arıçılar tərəfindən idarə olunub və ənənələr məhz onlar tərəfindən qorunub saxlanıb. Bu gün arıçılıq təsərrüfatları kiçik ölçülüdür. Arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz növlərindən biri hesab olunur. Hazırda ölkədə “Boz Dağ Qafqaz” və “Sarı İran” bal arısı cinslərinin “Azərbaycan”, “Qabaqtəpə”, “Qonaqkənd”, “Naxçıvan” və “Talış” populyasiyaları mövcuddur.
Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsinin potensial sahələrindən biri də arıçılıqdır. Arıçılıq fəaliyyətindən əldə edilən gəlirlərin artırılması məhsulların marketinqinin uğurlu təşkilindən də çox asılıdır. Marketinq arıçıya məhsulları satmasına imkan verən bütün əməliyyatlar və tapşırıqların yerinə yetirilməsidir. O əməliyyatlara istehsal ediləcək məhsulun növünün seçilməsi, istehsala başlanması, istehsalın idarə edilməsi, məhsulun toplanması, çeşidlənməsi, qablaşdırılması, saxlanması, daşınması, emal edilməsi, xərclərin maliyyələşdirilməsi, satışın necə, harada və nə zaman satılması üzrə qərarların verilməsi, marketinq əməliyyatlarının maliyyələşdirilməsi və dayanıqlılığı daxildir.
Modulda bal, arı südü, vərəmum və çiçək tozu kimi arıçılıq məhsullarının faydaları, məhsulların orqanik sertifikatlaşdırılması, tozlandırma servisi və satış zamanı məhsulların qablaşdırılması haqqında məlumatlar əldə edəcəksiniz. Modul, həmçinin arıçılıq məhsullarının qiymətinin hesablanması qaydaları, sabit və dəyişən xərclər, gəlirin artırılması və xərclərin azaldılması yolları, eləcə də marketinqin dayanıqlılığının saxlanma yolları kimi vacib sahələri əhatə edir.
Təhsilalanlar əldə etdikləri məlumatların köməyilə nəzəri və təcrübi biliklərini genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyətlərində tətbiq edə bilərlər.
Bu moduldan ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.