Marketinq anlayışı satış və qoyulan sərmayənin gəlirli olmasının yalnız istehlakçıların ehtiyaclarını müəyyənləşdirmək, duymaq, təmin etməklə əldə edilməsinə əsaslanır. Əvvəllər arıçıların rolu yalnız istehsalla məhdudlaşırdı. Onlar əsas diqqətlərini istehsal, səmərəliliyin artırılması və xərclərin azaldılmasına yönəldirdilər. Arıçılar arı məhsullarını istehsal edərək satışa çıxarırdılar. İstehlakçıların ehtiyac və istəkləri az əhəmiyyət kəsb edirdi.
İndiki dövrdə isə arıçılar mənfəət əldə etmək məqsədilə istehlakçıların ehtiyaclarını bilməli və digər rəqiblərlə müqayisədə daha yaxşı və effektiv məhsul hazırlamaqla müştərilərin ehtiyaclarını təmin etməlidirlər. Əvvəlki dərslərdə də qeyd edildiyi kimi marketinq istehsaldan sonrakı prosesi deyil, istehsal prosesindən hazır məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri özündə birləşdirir.
Bu baxımdan marketinq əməliyyatlarını dayanıqlı formada yerinə yetirmək vacibdir. Marketinqin dayanıqlılığı arıçıların ətraf mühit, istehsal etdikləri məhsulların maya dəyərinin azaldılması, satışın səviyyəsinin saxlanılması ilə gəlirliliyin təmin edilməsi məsələləri haqqında düşünməyi özündə ehtiva edir.
Qeyd etdiyimiz kimi ətraf mühit məsələləri marketinqin dayanıqlılığında əsas amillərdən biridir. Arıçılar arılarının nektardan asılı olduğunu düşünməlidirlər. Nektar arı qidasının əsasını təşkil edir. Əgər çiçəklər zərərli kimyəvi tullantılarla çirklənibsə, bu həm arı ailəsi, həm də arı məhsuluna zərərdir. Arıları kimyəvi pestisidlər, gübrələr, funqisidlərin tətbiq olunmadığı və təmiz su mənbələri olan ərazilərdə saxlamaq arı ailəsi və ətraf mühiti qorumanın yollarından biridir (Şəkil 7.1). Arılar bitkilər və ağaclara tozlandırma kimi “xidmət” göstərir ki, bu da ətraf mühit üçün həyati əhəmiyyətlidir (Şəkil 7.2). Bir arı bir səyahətdə, adətən 50-1000 çiçəkdən qida götürür və bir arı gün ərzində 7-14 səyahət edə bilir. 25 min işçi arıdan ibarət bir arı ailəsi gün ərzində 250 milyon çiçəyi tozlandıra bilər. Bu isə arıların ətraf mühitin biomüxtəlifliyinin saxlanılmasında nə qədər əhəmiyyətli rol oynadığını göstərir.