Arı mumu bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddədir və olduqca davamlıdır. Uzun müddət saxlandıqda belə, bal mumu xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir göstərmir. Qədim misirlilər arı mumundan balzamlama və mumiyalama üçün istifadə etmişlər. Eləcə də qədim Çin kitablarında da arı mumunun tibdə ən faydalı dərmanlardan hesab olunması da qeyd edilmişdir. Onun qan və bədənin sağlamlıq balansında xüsusi rola malik olduğu vurğulanmışdır.
Tibdən əlavə, arı mumundan məişət və digər sahələrdə də istifadə olunmuşdur. Belə ki arı mumundan hazırlanmış şamlar Misir, qədim Yunanıstan, Roma və qədim Çində geniş yayılmışdır. Qədim Misirdə fiqur və dini əşyalar da daha çox bal mumundan hazırlanır və qədim möhürlərin vacib bir elementi idi. Arı mumunun mədəniyyət və incəsənət sahəsində də istifadəsinə rast gəlinmişdir. Hal-hazırda da arı mumundan geniş istifadə olunur. Araşdırmalara görə arı mumundan 25-30 faiz kosmetika, 25-30 faiz əczaçılıq, 20 faiz şam istehsalı və 10-20 faiz digər məqsədlərlə istifadə olunur (Şəkil 6.5).
Dəridə qıcıq yaratmadığı və kifayət qədər tutumlu maddə olduğu üçün arı mumu kosmetik məhsulların hazırlanmasında çox faydalıdır. Belə ki kosmetikada düzgün istifadə olunduqda arı mumu dəridə məsamələrin tıxanması problemi yaratmır, əksinə onların istifadəsində dəridə yumşaldıcı və rahatladıcı effekt yaradır.
Çiçək tozu bal arılarının çiçəklərdən yığdığı və arı şanına gətirdiyi tozlara deyilir (Şəkil 6.6). Çiçək tozu özündə kifayət qədər səkkiz əsas amin turşusunu ehtiva edir. Həmçinin onun tərkibində B vitamini tam kompleks şəkildə olmaqla A, D, E, K və C vitaminləri də vardır. Yüksək səviyyədə B5 vitaminin olması stress zamanı pisləşən adrenal vəziləri üçün xüsusilə faydalıdır.
İnsanlar ondan iştaha açıcı stimullaşdırıcı, dözümlülük və atletik performansı artırmaq, erkən yaşlanmanın qarşısını almaq, oynaq ağrıları (revmatizm), radiasiya xəstəliyini aradan qaldırmaq və s. üçün istifadə edirlər. Dəri xəstəlikləri üçün də faydalı olması da bəzi araşdırmalar tərəfindən təsdiqlənmişdir.