Arı südünün bir hissəsi pətəkdən toplanan kimi təbii formasında satılır. Çünki emal edilməmiş, təbii arı südünə xüsusi texnologiyanın tətbiqinə ehtiyac olmadığı üçün istehsalçılar, təbiiliyinə görə isə əksər istehlakçılar tərəfindən üstünlük verilir. Dadı xoş olmasa da, istehlakçılar bu cür formaya “dərman” kimi yanaşırlar. Arı südünün tibbi aspektlərini xoşlamayan istehlakçıların tələbatını ödəmək isə arı südü bal, şərbət və ya su ilə də qarışdırıla bilər.
Müalicə məqsədilə satılan emal edilməmiş. arı südü, adətən 10, 15 və ya 20 qramlıq balaca tünd şüşə butulkalarda qablaşdırılır. 250-500 milliqramlıq dozanı düzgün müəyyənləşdirmək üçün, adətən qutuya kiçik spatula da yerləşdirilir. Məhsulun daha qiymətli görünməsi və qısamüddətli temperatur dəyişkənliklərindən qorunması üçün bəzən xüsusi izotermal qablaşdırma (adətən polistiren qutu) da tətbiq edilir. Qədim İtaliyada arı südü xüsusi şüşə sprislərdə satılırdı ki, bu da daha dəqiq dozanı müəyyənləşdirmək və turşumaya qarşı qorunmağa imkan verirdi.
Arıçı, həmçinin arı südünü orijinal formada - sürfədən təmizlənmiş və pətək xanası ilə örtülmüş halda da sata bilər. Pətək xanaları maye mum və ya xananın kənarlarını birlikdə sıxmaqla örtülə bilər. İçərisində arı südü olan xanalar isə kiçik plastik qutular və ya şüşə bankalara yerləşdirilərək yanına bir spatula da qoyulur.
Bu cür qablaşdırmanın mənfi cəhəti odur ki, məhsulu bu formada uzunmüddət saxlamaq olmur (iki həftə soyuducuda və ya dərhal dondurularsa, bir neçə ay qala bilər) və istehsaldan dərhal sonra istehlakçıya satılır. Üstünlüyü isə satışın gəlirli olması və istehlakçılar üçün məhsulun təbii olması baxımından cəlbedici olmasıdır.
Arı südü anbarda, daşıma zamanı və ya satış nöqtəsində olmasından asılı olmayaraq istənilən halda 5 dərəcə Selsi temperaturdan aşağı şəraitdə saxlanılmalıdır. Satış zamanı vitrində boş qutular nümayiş etdirilə və məhsulun özü soyuducuda saxlanıla bilər.
Çiçək tozu arı məhsulları içərisində gəlir gətirmək qabiliyyətinə görə özünəməxsus yer tutur. Digər arı məhsullarında olduğu kimi çiçək tozunun da uğurlu satışını təmin etmək üçün qablaşdırmanın necə aparılması böyük rol oynayır. Çiçək tozu həm plastik, həm də şüşə qablara yerləşdirilə bilər (Şəkil 3.9). Topdan və ya pərakəndə satış formasından asılı olaraq qabların ölçüsü də müxtəlif olur. Belə ki çəkisinə görə bir qutu çiçək tozu bir neçə qramdan 1 kiloqrama kimi dəyişə bilər.
“Arıçılıq haqqında” qanunun da tələblərinə uyğun olaraq qabın üzərində istehsalçı haqqında məlumatlar, çiçək tozunun tərkibi (hansı çiçəklərin tozundan hazırlandığı), istehsal tarixi, saxlama müddəti və xalis çəkisi haqqında dəqiq məlumatlar qeyd olunmalıdır.