Yeni məhsul üçün qablaşdırmanı həyata keçirməyə başlayarkən və ya hazır məhsulun qabını dəyişərkən məhsulun zahiri görünüşünün əhəmiyyətli olub-olmamasını düşünə bilərsiniz. Bir çox məhsul istehsalçıları məhsulun və onun keyfiyyətinin onun görünüşündən daha vacib olduğunu düşünə bilərlər, lakin qablaşdırma məhsulun satışının uğurlu olub-olmamasında mühüm rol oynaya bilər.
Məhsulun qablaşdırılmasının məqsədi ilk növbədə onu xarab olmasının qarşısını almaqdır. Məhsulun qabı onu yalnız istehsalçıdan satıcıya ötürülməsində deyil, satış məntəqələrinin piştaxtalarında da xarab olmasının qarşısını alır.
Məhsulun necə qablaşdırılması müştərini bazarda/dükanda piştaxtaya cəzb edən əsas amil ola bilər. Buna görə də son zamanlar mütəxəssislər tərəfindən marketinq baxımından istehlakçı üçün cəlbedici olan məhsul qablaşdırılması üçün rəng sxemləri və dizayn üzrə geniş araşdırmalar aparılır.
Qablaşdırma, həmçinin məhsul haqqında məlumatların çatdırılmasında vacib rol oynayır. Qabın üzərində məhsulun tərkibi, faydalı tərəfləri və necə istifadəsi ilə bağlı məlumatlar verilə bilər. Bu isə potensial alıcılara alış qərarı vermək üçün vacib məlumatların alınmasına imkan verir ki, nəticədə məhsulun satılmasına kömək edir. Məhsulun üzərində verilən informasiya alıcıya satıcı ilə məsləhətləşmədən də məhsulun almasına təhrik edə bilər.
Qablaşdırma məhsulun bir brendini digər brenddən fərqləndirə də bilər. Çünki məhsulun qabı spesifik istehsalçının adı, loqosu və rəng sxemi haqqında məlumatları özündə əks etdirər ki, bu da məhsulu piştaxtada rəqib istehsalçıların məhsullarından fərqləndirər.
Bal məhsulunu, adətən iki üsulla qablaşdırmaq mümkündür: şüşə bankalar və plastik qablarda.
Şüşə qablar ənənəvi qablaşdırma üsulu hesab olunur. Şüşə qabda balın satışını həyata keçirərkən müştəri balın təmizliyi, rəngi və keyfiyyətini asanlıqla müşahidə edə bilir (Şəkil 3.4). Bu isə satışda çox vacibdir. Çünki alıcı bankaya baxmaqla balın qoxusuz olmaması qənaətinə gələ bilər.