Əldə edilən məhsulu qablaşdırmaq arı məhsullarının marketinqində ən vacib elementlərdən biridir. Çünki məhsul üçün uğurlu marketinq aparmaq həm də onun necə qablaşdırılmasından asılıdır.
Arı məhsullarının qablaşdırılması ilkin olaraq məhsulun toplanıb çeşidlənməsi prosesində baş verir (Şəkil 3.1). Burada ən vacib məqam məhsulun yerləşdirildiyi qabın təmiz və qoxusuz olmasıdır. Bu mərhələdə qablaşdırmanın iki növü var: saxlama və daşıma prosesini həyata keçirmək üçün qablaşdırma və istehlakçılara son satış etmək məqsədilə qablaşdırma. Məhsul toplandıqdan sonra qablar sonra emal olunmaq və ya çeşidlənmək üçün nəzərdə tutulan ərazilərə daşınır. Arı məhsulları emal olunduqdan və çeşidləndikdən sonra şüşə və ya plastik banka, butulka və s. kimi qablara yerləşdirilə və satış üçün çıxarıla bilər. Hansı qablaşdırma formasından asılı olmayaraq, qab məhsulu qorumalı, təmiz saxlamalı, məhsulun keyfiyyətinin saxlamasına imkan verməli və nəzərdə tutulan son ünvana çatdırılması üçün əlverişli olmalıdır. İstehlakçıya satılması nəzərdə tutulan məhsulun qabının xarici görünüşü cəlbedici olmalıdır. O, qəşəng görünməli və istehlakçını onu almağa həvəsləndirməlidir.
2009-cu ildə qəbul edilmiş “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi arıçılıq məhsullarının qablaşdırılması və markalanmasına həsr olunub. Qanuna görə Azərbaycan Respublikasında arıçılıq məhsulları istehsalçıları dövriyyəyə daxil etdikləri məhsulları istehsal markaları ilə təchiz etməlidirlər. Qanunda göstərilir ki, arıçılıq məhsullarının qablaşdırılması və markalanması qaydası beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericiliyə uyğun həyata keçirilir. Qanunun qeyd olunan maddəsində həmçinin vurğulanır ki, daxili bazara çıxarılan və ixrac edilən arıçılıq məhsulları markalanarkən etiketin üzərində Azərbaycan dilində istehlakçılar üçün qanunvericilikdə nəzərdə tutulmuş lazımi məlumatlar əks olunmalıdır. Qanunda o da qeyd olunur ki, arıçılıq məhsullarının saxlanması və daşınması üçün insan orqanizminə təhlükə yaratmayan və istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilən müxtəlif materiallardan hazırlanmış və müvafiq standartlara cavab verən qablardan istifadə edilir (Şəkil 3.2 və Şəkil 3.3). Arıçılıq məhsullarının etiketi üzərində məhsulun keyfiyyətini xarakterizə edən məlumatlarla məhsulu müşayiət edən sənədlərdə olan məlumatlar arasında uyğunluq təmin edilməlidir.