Həm pərakəndə, həm də topdansatışda saxlama qablarına ehtiyac yaranır ki, bu da əsas xərclərdən biridir. Beləliklə, bu qabların qiyməti xüsusi olaraq araşdırılmalı və aşağı qiymətli daha yüksək keyfiyyətə malik qabların alınması xərcləri əhəmiyyətli azaldılmalıdır. Bundan başqa, əvvəl istifadə olunmuş qablardan istifadə edilməklə də xərclərə qənaət etmək olar (Şəkil 2.5).
Arı yeşiyinin qiyməti ölçü, dizayn və materialdan asılı olaraq dəyişir. Qiymət, həmçinin alınan yeşiklərin sayına görə də dəyişir. Yeşik alındıqdan sonra da onların saxlanması və təmir edilməsinə ehtiyac yaranır. Bu baxımdan, təmir xərclərinin az olması üçün keyfiyyətli yeşiklərin alınması məsləhətdir. Xərcləri azaltmaq üçün, həmçinin istifadə olunmuş arı yeşikləri alınıb təmir oluna bilər (Şəkil 2.6).
Arıçılar, adətən mərkəzdən uzaq kənd və ya dağlıq ərazilərdə fəaliyyət göstərirlər. Bu baxımdan, onların öz məhsullarını bazara çıxarması müəyyən qədər nəqliyyat xidmətindən də asılıdır. Belə ki balın şəhərə daşınması üçün nəqliyyat xərcləri yüksək olduqda arıçıların potensial olaraq əldə edə biləcəkləri gəlir də azalmış olur. Beləliklə, nəqliyyat xərclərinin azaldılması arıçıların əldə edə biləcəyi gəliri də artırmış olur.
Gəliri artırmaq üçün dəyişən xərclər də mümkün qədər azaldılmalıdır. Ana arıların alınması buna misaldır. Arıların alınmasında xərcləri azaltmaq üçün arıçı özü ana arıları təsərrüfatında yetişdirə bilər. Bundan başqa, arı təsərrüfatı qurularkən həmin ərazidə kifayət qədər təbii yemlərin olmasından əmin olmaq lazımdır. Əgər ərazidə kifayət qədər yem olmadıqda bu zaman davamlı olaraq arı yeminin alınmasına ehtiyac yaranar ki, bu da xərcləri artıra bilər (Şəkil 2.7).