anbarın hazırlanması. Bununla yanaşı, bir çox arıçılar təsərrüfatı öz şəxsi evlərinin ətrafında qururlar ki, bu da xərclərin azalması deməkdir.
Torpaq
Arıçılıq təsərrüfatının qurulması üçün, həmçinin torpaq sahəsinə ehtiyac vardır. Bu, bal verən bitkilərə (nektarlı bitkilər) yaxın olan bir ərazi olmalıdır. Bununla yanaşı, yer seçildikdə nəzərə almaq lazımdır ki, seçilən ərazi təmiz su mənbələrinə yaxın olsun. Həmin torpaq sahəsində arı yeşikləri yerləşdirilir. Burada qurulan arıxana yaxşı olar ki, küləkdən yaxşı müdafiə olunsun. Arı pətəkləri iri və xırdabuynuzlu heyvanların saxlandığı yerlərdən aralı məsafədə olmalıdır. Arıxana yerləşdiriləndə avtomobil yollarından 30 metrdən daha yaxın məsafədə olmamalıdır.
Arı
Arı təsərrüfatının qurulması üçün bal arılarına ehtiyac vardır. Arılar tək-tək deyil, ailə şəklində satılır. Arı ailəsini alarkən ən vacib məqam həmin arının cinsidir və onun seçimi iqlim şəraitindən asılıdır. Qafqazın dağətəyi və dağlıq bölgələri üçün Bozdağ Qafqaz arı cinsini seçmək daha yaxşıdır. Aran rayonları üçün Sarı Qafqaz arı cinsini seçmək olar. Bunlarla yanaşı, bizim iqlimə uyğunlaşan (adaptasiya olan) digər arı cinslərini də seçmək olar.
Arı şanı
Arı ailələri arı şanlarında yerləşdirilir.
Çəpər
Arı təsərrüfatının yırtıcılar, eyni zamanda oğurluq hallarından qorunması üçün çəpərə ehtiyac vardır. Arı balını yeyən yırtıcı, əsasən ayılardır (Şəkil 2.2).
Alət və avadanlıqlar
Arıçılıqda arı körüyü, iskənə, arı bıçağı, yem qabları, saxlayıcı qablar, bal süzmə aparatı və s. kimi alət və avadanlıqlara ehtiyac yarana bilər (Şəkil 2.3 və Şəkil 2.4).