Məhsul qablaşdırıldıqdan sonra daşınmalıdır. Əksər yerlərdə məhsulun daşınması arıçının özü və ya işçi tərəfindən həyata keçirilir. Alternativ olaraq ticarətçilər məhsulu istehsalçıdan toplayıb daşımaq üçün mərkəzi toplama yeri də təyin edə bilərlər. Daşıma xərci istehsal ərazisi ilə bazar arasındakı məsafədən də asılıdır (Şəkil 1.8). Əgər məsafə az, yolların keyfiyyəti yaxşıdırsa, daşıma xərci nisbətən az olacaq. Əks təqdirdə daşıma xərci maya dəyərində yüksək yer tutacaq. Həmçinin daşıma zamanı məhsul itkisi də baş verə bilər ki, bunlar da məhsulun maya dəyərinə əlavə olunmalıdır.
1.6. Maliyyələşdirmə xərcləriArıçıya yuxarıda adı çəkilən prosesləri həyata keçirə bilməsi üçün pul vəsaiti tələb olunur. Pul ailə üzvləri, yaxın və uzaq qohumlardan borc kimi alına bilər. Bu, mümkün olmadıqda isə bank və ya mikromaliyyələşdirmə təşkilatlarından əlavə faiz ödənilməsi şərti ilə qısamüddətli borc götürülə bilər. Burada götürülən borc vəsaitinin üzərinə əlavə olunan komissiya və faiz xərcləri də məhsulun maya dəyərinin hesablanmasında nəzərə alınmalıdır.
1.7. QiymətqoymaYuxarıda adı çəkilən bütün xərcləri qeydə alıb topladıqdan sonra arıçının ümumi məhsul istehsalı üçün çəkdiyi ümumi xərcin həcmi məlum olur. Məhsul pərakəndə satış formasında satılacağı halda isə məhsulun istehsalı və marketinqinə çəkilən bütün xərclərin həcmini məhsulun həcminə bölüb bir vahid üçün maya dəyərini hesablamaq olar. Bundan sonra isə topdan və ya pərakəndə satış formasından asılı olaraq məhsul üçün qiymət təyin etmək olar.
İstehsalçı və istehlakçılar arasında sövdələşmələr məhsulun qiymətini müəyyən edir. Qiymət istehsalçı və istehlakçılar arasında razılaşdırılmış və mübadilə üçün ödənilə bilən qiymətdir. Ona görə də bu qiymət “razılıq qiymət”i adlanır. Aydındır ki, arı məhsulu bazarında fəaliyyət göstərən arıçılar öz məhsulları üçün bazar qiyməti qəbul etməlidirlər. Bunun səbəbi odur ki, arıçının hazırladığı məhsul həmin ərazidə istehsal olunan digər məhsullarla oxşardır. Eyni ərazidə eyni xüsusiyyətlərə malik çoxlu məhsul təklifi olduğu üçün məhsul üçün yüksək qiymət təyin etmək alıcının başqa arıçının məhsullarına üstünlük verməsi ilə nəticələnə bilər. Ona görə də yüksək qiymət arıçıya məhsulunu sata bilməməsi və zərərə uğraması bahasına başa gələ bilər.