Nümunələr bağlanır, müayinə aktının sürəti və müşayiət sənədlərilə birgə laboratoriyaya göndərilir. Göndərməni yubatmırlar, çünki orada olan pestisidlər tez ayrıla bilər. Xəstəliyin son diaqnozu laboratoriyada kimyəvi-toksikoloji tədqiqata əsaslanmalıdır.
Bəzi hallarda zəhərlənmiş arılar pətəyi tərk etməyə və uçmağa çalışır, ancaq pətəkdən bir neçə metr kənara uça bilir. Zəhərlənmə nəticəsində onların taqəti olmur. Yerə tökülərək pətək ətrafında sürünür. Güclü zəhərlənmədə elə pətəyin qarşısında ölür və ya yerə səpələnmiş olur (Şəkil 11.5). Zəhərlənmiş arının təsviri: ətraf orqanlarının qıcolması baş verərək arılar iflic olaraq ölür.
Profilaktika - arıçılar öz arıxanalarını 3-5 gün əvvəl pestisidlərin istifadə olunmağı nəzərdə tutulan yerdən 5-7 kilometr uzaqlaşdırmalıdır. Arıxana yerləşdiyi ərazidə təmizləmə işləri bitdikdən 10-15 gün sonra arı ailələrini yerinə qaytarırlar. Qeyd etmək lazımdır ki, hər ailə (pətək) öz yerinə yerləşdirilməlidir.
Lazım olan müddətə arıxanalardan pətəyi çıxartmaq mümkün olmadıqda boş şanlarla yuvaları genişləndirirlər.
Pətək təmizlənən gün uçuş bacası bağlanır, istiləşdirici materiallar çıxarılır. İsti olduqda pətəklərin qapağına ot və ya budaq qoyulur. Arılara gün ərzində mütəmadi olaraq 1-1.5 litr adi su verilir və ya üstünə (örtücü bezin yerinə) tor qoyulur. Bu torun üzərinə su ilə isladılmış pambıq qoyulur. Ailələri qışlama yerinə də köçürmək mümkündür. Əgər pətəklər qışlama binalarına köçürülsə, onların orada saxlanılması dərmanlamada işlədilmiş pestisidlərin parçalanma zamanından asılıdır. Belə ki, pestisidlərin parçalanması bir həftəyə qədər çəkir. O dur ki, arıçılar təcridetməni özləri havanın temperatur və nəmliyindən asılı olaraq təyin etməlidirlər. Belə ki, temperatur aşağı, nəmlik yüksək olduğu zaman ailələrin təcrid olunması bir neçə gün artırılmalıdır.
Arıxanaları metallurgiya kombinatları, şüşə və kərpic zavodları, istilik elektrik stansiyaları, avto-nəqliyyatın fəal hərəkəti olan yerlərin yaxınlığında yerləşdirmək olmaz.
Mübarizə yolları - ailələrin yuvaları qızdırılır. Pətəkdən möhürlənməmiş sürfə və güləmlə olan çərçivələr çıxardılır. Yuvada arıların üzərinə qona bildiyi qədər sürfələr saxlanılır. Ailələrə 3-4 gün ərzində duru şəkər şərbəti verilir. Təmizlənmiş pətəkləri 5 faizli qələvi məhlulu, sonra isə təmiz su ilə yuyurlar. Ölü ailələrdən olan bal və güləmlə olan şanları mum üçün əridirlər.
11.1.5. Arıların istidən halsızlaşması (boğulma)
Arıların istidən boğulması arı yuvasında (pətəkdə) yüksək temperatur və nəmliyin artması nəticəsində yaranan yaşlı arılar və sürfələrin yoluxmayan xəstəliyidir.