Mübarizə yolları - zərərçəkmiş ailələrdən yem ehtiyatları götürülür, arıları 1-2 gün ərzində maye şəkər şərbəti (1:2 və ya 1:3) ilə yemləyirlər. Pətəklərin yanında iflic əlamətləri olan arılar götürülür. Onları nazik layda (0,5 santimetrə yaxın) yeşiyə səpir və isti yerə salırlar (22-25°C). Arıların uçmaq imkanları bərpa olunduqca onlar buraxılır.
Nektar toksikozu - nektar zəhərlənməsi, tarlaçı arıların zəhərli bitkilərin nektarı ilə zəhərlənməsi zamanı meydana gələn yoluxmayan xəstəlikdir. Xəstəliyin səbəbi nektarda olan zəhərli alkaloidlər, qlükozidlər, saponinlərdir. Xəstəlik aprel, may və iyun aylarında nektarın az olduğu dövrdə müşahidə olunur. Xəstəlik bir aya qədər davam edir. Zəhərli və ya nisbətən zəhərli nektar ifraz edən bitkilərə aşağıdakıları aid etmək olar: adi soğan, dağ-laləsi, asırqal, ladan kolu, akonit, kəklikotu, qarğagözü, göyçiçək, güləvər, canavar giləsi, adi xanımotu, xanımotu, adi doqquzdon, doqquzdon, şümşad, rododendron və digər bitkilər (Şəkil 11.3). Bundan əlavə, əlverişsiz hava şəraitində zəhərli nektarı zəhərli olmayan bitkilər də sərbəst ifraz edə bilər.
Akonit çıçəyi
Bənövşəyi rododendron çiçəyi
Ağ rododendron çiçəyi
Şəkil 11.3. Arılar zəhərli çiçəklərdən nektar toplayarkən
Zəhərli nektardan olan bal, zəhərli maddələrin növünə görə arılar, insanlar və pişiklərin zəhərlənməsinə səbəb olur. Xalq arasında belə bala "sərxoş bal" deyilir.
Arıların bağırsağına zəhərli nektar daxil olduqda hemolimfaya sorularaq kəskin zəhərlənməyə səbəb olur. İnsanlarda isə zəhərlənmə, halsızlıq və ya keflilik vəziyyətinə bənzəyir. Zəhərli bitki zəhərləri qidada böyük miqdarda yığılır, sonra pətəkdə olan arılar bu yemlə qidalanaraq sürfələri də qidalandırır və bu hal onların ölümünə səbəb olur. Zəhərin miqdarına və növünə görə zəhərlənmə müvəqqəti ola bilər, sonra isə arılar sağalır. Təbiətdə əlverişsiz hava şəraitində zəhərli nektar daha tez-tez ifraz olunur.
Xəstəliyin epizootoloji və kliniki əlamətləri - xəstəlik əsasən mayın sonları və ya iyun ayının əvvəlində qeydə alınır və ən çox 25 gün davam edir. Xəstəliyin baş verməsinə də bal yığımı dövrü ətraf mühitə mənfi təsir edən ekoloji amillər (soyuqluq, quraqlıq, yağış və s.) səbəb olur. Arının orqanizminə daxil olan zəhərli maddənin növü və miqdarından asılı olaraq xəstəlik kəskin və ya yavaş davam edə bilər. Xəstəliyin kəskin gedişində gün ərzində bütün tarlaçı arılar xəstələnir.
Arılarda xəstəlik həyəcanla başlayır. Arıların qanadları, ayaqları qarın və bığlarının iflici nəticəsində onlar hərəkətsiz olur, uçma qabiliyyətini itirərək uçuş bacasının ağzında ölmüş vəziyyətdə olur (Şəkil 11.4). Xəstəliyin gedişi tamamilə arıların nektar topladığı zəhərli bitkilərin növünə bağlıdır. Hər bir bitki növünün özünəməxsus zəhərlənmə əlaməti vardır.