Mübarizə tədbirləri - ən vacib məsələ pətəyin içərisinin təmiz olmasıdır. Hər vaxt pətəyi açdıqda çalışmaq lazımdır ki, döşənəkdə olan zibil təmizlənsin. İri milçəkləri tutmaq üçün pətəyin ətrafına ölmüş arıları şüşə butulkalarda sabunla həll olunmuş suyun içinə qoyun.
Kərtənkələlər - arıxanalarda yaşıl və ya boz rəngli kərtənkələlərə rast gəlmək olar (Şəkil 10.29).
Kərtənkələlər müxtəlif həşəratlarla, eyni zamanda, arılarla qidalanır.
Mübarizə tədbirləri - arıxana ərazisi otlardan təmizlənməlidir. Pətəklər 30-40 santimetr yerdən hündürdə olmalıdır. Pətəklərə fikir verilməlidir ki, qapaqları yaxşı örtülsün.
Qaxac dəriyeyəni - buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin gönyeyən böcəklər fəsiləsinə aid olan növüdür (Şəkil 10.30).
Həşərat güləmlə, pupların qalıqları, ölmüş arılar və sürfələrlə qidalanır. Şanları və isidici materialları dağıdır.
Mübarizə tədbirləri - pətəyin içi vaxtı-vaxtında təmizlənməlidir. İsidici materiallar, şan saxlanan binalar və ya anbarlar dezinfeksiya edilib havalandırılmalıdır.
Dəvədəlləyilər - Azərbaycanda bu həşəratın bir neçə növü yayılmışdır. Dəvədəlləyi əsasən, bal arıları ilə qidalanır (Şəkil 10.31). Rəngini çox dəyişən, yaşıl və ya sarıdan qəhvəyi boz və ya tünd qəhvəyi rənglərə dəyişir.
Dəvədəlləyi arıları çiçəklərin üzərində tutaraq və ya pətək qapağı açıq olduqda içəriyə girərək yeyir. Təxminən bir dəvədəlləyi gün ərzində 20-yə yaxın arı yeyə bilər. Odur ki, bu həşəratın da arıçılıq təsərrüfatlarına ziyanı var. Ancaq qeyd etmək lazımdır ki, bu həşəratlar çoxlu miqdarda ziyan verən digər həşəratları məhv edir. Dəvədəlləyi faydalı həşərat hesab olunur, çünki təbiətdə sanitar rolunu aparır.