Kirpilər - hər şey yeyən heyvandır (Şəkil 10.23). Axşam və gecə fəal olur. Cücülər, soxulcanlar, qurbağalar, quşların yumurtaları və balaları, kərtənkələlər, xırda gəmiricilər, ölü və sürünən arılar, nadir hallarda giləmeyvə ilə qidalanır. Kirpiləri “arıxana sanitarı” da adlandırırlar. Pətəkdə az yer olanda və arılar onun yanında zəncirvarı sallandıqda kirpi isti havada axşam vaxtı çoxlu arı yeyir. Arı zəhərinə qarşı az həssasdır.
Mübarizə tədbirləri - kirpi faydalı heyvandır və qorunmalıdır. Onlardan qorunmaq üçün pətəklər 30-40 santimetr hündürlükdə dirəklərin üstündə yerləşdirilir. Kirpilərin təbiətdə xeyri zərərindən çox olduğu üçün öldürülməsi məsləhət görülmür.
Siçanlar - gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsi (Şəkil 10.24). Arıçılıq üçün ən təhlükəli gəmiricilərdən biri siçankimilərdir.