Adi arıyeyən zərqanadlı cücüləri xoşlayır. Arıların ailələrini tapıb sürfələrini yeyir. Lakin tırtıl, böcək, qurbağa, kərtənkələ, ilan, xırda quş və siçan yeməkdən də imtina etmir. Arılar ilə qidalanan zaman arılar onları sanca bilmir. Ona görə ki, dimdiklərinin ətrafı yumşaq tüklərlə örtülüdür. Bunlar, əsasən, ağac budaqlarında oturaraq arıların onlara yaxınlaşmasını gözləyir. Arını görən kimi onun üzərinə şığıyır, tutaraq yeyir. Bu quşlar yalnız bal arıları ilə deyil, eyni zamanda, it və eşşək arıları və digər zərqanadlılarla qidalanır.
Mübarizə tədbirləri - adi arıyeyən Qırmızı kitaba daxil edilmişdir. Ovlanması qadağandır. Altıağac Milli Parkında nəzarət altında saxlanılır. Odur ki, mübarizə üçün arıxananın yeri dəyişdirilməli, quşlar qorxudularaq qovulmalıdır.
Ayılar - məməlilər sinfinin nümayəndəsidir, yırtıcılar dəstəsinə aid heyvandır. Bitki və heyvani qidalarla qidalanır. Quş yumurtaları, böcək sürfələri, meyvə və tərəvəzlər, eyni zamanda, bal yeyir. Ayılar arıxanaya, əsasən gecələr gəlir. Çox kəskin iybilmə qabiliyyəti var. Odur ki, balın iyini çox uzaqdan hiss edir. Ayı arıxanaya girdikdə pətəkləri dərhal dağıtmağa başlayır və onun içərisində olan bal, güləm, sürfələr və arıları yeyir (Şəkil 10.21). Ayılar tərəfindən dağıdılmış ailə yenidən bərpa edilə bilmir.
Mübarizə tədbirləri - bunun üçün müxtəlif tədbirlər görülür. Arıxana fənər və ya asma lampalarla işıqlandırılır. Dağlıq ərazilərdə arıxanada pətəklərin ətrafına elektrik naqili çəkilir (Şəkil 10.22). Bu naqillərə 12 V cərəyan verilir. Ayıları tüfənglə öldürmək qəti qadağandır. Əgər ayıların qarşısını almaq mümkün deyilsə, o zaman arıxana həmin ərazidən köçürülür.