Mübarizə tədbirləri - nadir quş kimi Qırmızı kitaba salınıb. Güllələnməsi qadağandır. Odur ki, həyəcanlı səs çıxardan arıquşunun səsini yazaraq, o, səsi yüksək səs çıxaran alətlərdən ətrafa yayın.
Hörümçək (Şəkil 10.17) - hörümçəklər yırtıcı buğumayaqlılardan olmaqla, əsasən həşəratlarla qidalanır. Xaçlı iri hörümçəklər, ev hörümçəkləri və başqaları həşəratlarla yanaşı, arılarla da qidalanır.
Hörümçəklər pətəklərin uçuş bacası altı, yaxud onlara yaxın yerlərdə bitkilər arasında tor qurur, özləri torun kənarında durub ovunu gözləyir, tora ilişən arını dərhal məhv edir.
Mübarizə tədbirləri - arıxana və yaxınlığında olan hörümçək torları və onların baramalarını məhv etməkdən ibarətdir.
Qaraalın alaçöhrə - (Şəkil 10.18). Bu quşlar sərçəkimilər dəstəsindəndir. Son dərəcə acgöz olan bu quşlar həşəratlarla qidalanır. Alaçöhrələr arıxananın yanında məskunlaşır, arıları havada uçarkən tutur və çoxlu arı yeyir. Orta ölçülü alaçöhrənin yayda yeminin 55 faizini cücülər təşkil edir, onların¼ hissəsi isə arılar və eşşək arılarıdır.
Mübarizə tədbirləri - Alaçöhrələr faydalı quşlardır, onları qızlarquşu kimi arıxanadan qovurlar.
Arıyeyənlər - bu, qızılquşkimilər dəstəsinin qırğılar fəsiləsinə aid olan yırtıcı quşdur.
Adi arıyeyən və kəkilli arıyeyən - (Şəkil 10.19 və Şəkil 10.20). Adi arıyeyən qarğadan iridir. Uzunluğu 65 santimetrdir, quyruğu uzundur və üzərində 3 enli zolaq var. Qanadlarının altı zolaqlıdır. Bel tərəfi tutqun qonur, qarın tərəfi ürəkşəkilli, naxışlıdır. Alın və gözləri ətrafındakı lələklər ilan pulcuğuna oxşayır.