Böyük mum güvəsi gecə kəpənəklərinə aid, uzunluğu 20 millimetr, qanadlarını açdıqda isə eni 30-35 millimetrdir. Dişi fərdin yaşama müddəti 7-12 gün, erkək fərdlərin yaşama müddəti isə 10-26 gündür (Şəkil 10.9). Anbarlarda saxlanan şanlar və zəif arı ailələrinə ciddi ziyan vurur. Zəif ailələr ona qarşı mübarizə edə bilmir, ancaq güclü ailələr ona qarşı mübarizə edə bilər.
Dişi kəpənəklər gündüz vaxtı kölgədə ağacda tərpənmədən oturur. Onlar gecə vaxtı pətəyə girir və şanlarda yumurta qoyur. Həyati dövrü ərzində dişi kəpənək 1850 yumurta qoyur. Yumurta 5-8 gün ərzində inkişaf edir.
Doğulduqdan sonra sürfənin ilk yemi bal olur, sonra isə mumla qidalanmağa başlayır. Sürfələr çoxlu barama olan yaşlı şanları seçir. Bir sürfə yaşama müddəti ərzində 1246 qram şan yeyir. Hesablanaraq müəyyən olunub ki, beş cüt güvə nəsli dayanmadan artsa, 300 kiloqram xalis mum olmaqla 500 kiloqram şan məhv edə bilər.
Güvənin inkişaf dövrü 47-63 gündür. Temperaturdan asılı olaraq arı ailəsinin yuvasında yalnız sürfə, bəzən isə puplar qışlayır. Mənfi temperatur olduqda güvə bütün mərhələlərdə ölür.
Mum güvəsi sürfəni zədələyir. Güvənin ifrazatları arılara çox mənfi təsir göstərir. Əgər yuvada güvələr və onların nəcisləri çox olarsa, arılar yuvalarını tərk edə bilər.
Kiçik mum güvəsi iri mum güvəsindən ölçülərindən başqa, heç nə ilə fərqlənmir, kliniki əlamətlər və törətdiyi ziyan baxımından isə hər iki güvədə eyni dərəcədə zərərli hesab olunur (Şəkil 10.10 və Şəkil 10.11).
Paltar güvəsi, həmçinin mumla qidalana bilər. Onun inkişaf dövrü 4-6 aydır. Güvə yaşlı arı ailələrində qışlayır.