Yuxarıda qeyd olunan üsulla soyuq günlərdə arıların müəyyən hissəsinin pətəyin yuva hissəsinə keçə biləcəyinə nail olacaqsınız, bununla da sürfələrin bəsləndiyi yeri normal mikroiqlim şəraiti ilə təmin edə bilərsiniz. Bundan başqa, arakəsmə taxtaya görə yemin yerinin dəyişdirilməsi ananın sürətlə yumurtalamasını stimullaşdıran bal yığımının effektivliyini təmin edir, bununla da ailə sürətlə inkişaf edir, arılar isə yem ehtiyatlarından qənaətlə və məqsədyönlü istifadə edir. Ailə inkişaf etdikcə və yem şanları boşaldıqca çərçivələri tədricən siyirmənin altı, yuvanın mərkəzinə qoyun.
9.1.1. Şimanovski üsulu
Müəyyən dərəcədə əvvəlki üsula oxşayır və nəinki ailənin gücünü artırmaq, hətta yuvanı yeni hörülən şanlarla bərpa etmək lazım olduğu təqdirdə istifadə olunur.
Bu məqsədlə aprelin əvvəlində (vaxt şərtidir, çünki mövsümün başlanmasında aranla dağlıq ərazilərin fərqi var) yuvadan yem çərçivəsini götürün və arakəsmə taxtanın arxasına qoyun, həmin şanda möhürlənmiş balı isə möhürdən açın. Götürülmüş şanın yerinə yuvanın mərkəzinə süni şanla olan çərçivə qoyun. Arılar şanı hördükdən sonra onu götürün, onun yerinə isə süni şanla olan yeni çərçivə qoyun. Bu şanın qovuqcuğunda ana yumurta qoymağa çatdırarsa, onu yuvada saxlayın. Bu cür olduğu təqdirdə yem çərçivəsini yenidən arakəsmə taxtasının arxasına keçirin, yuvanın mərkəzinə isə süni şan qoyun.
Əsas bal yığımından əvvəl bacanın əks tərəfinə yuvanı keçirdin, boşalan yerə isə ailənin hördüyü çərçivələri qoyun. Beləliklə yuvada olmayan, yem çərçivəsindən gətirilən balla stimullaşdırıcı yemləmənin hesabına nəinki arı ailəsi sürətlə arta bilər, hətta şanları da hörə bilər.
9.1.2. Bryuxanenko üsulu
Bu üsuldan arı ailələri çox gövdəli pətəklərdə saxlanarkən istifadə edin. Onun mahiyyəti ondan ibarətdir ki, yazın ilk yarısında ailələrin inkişafının əsas şərti arıların mütləq şəkildə su ilə təmin edilməsi ilə yuvaların yaxşı qızdırılmasıdır.
Möhürlənmiş sürfə ilə arıların olduğu 4-5 çərçivəni gövdələrə qoyun. Ailə birinci gövdəni tutduqdan sonra boşalmış yeri açıq şanlar və süni şanla olan 1-2 çərçivə ilə doldurun. Ananı aşağı gövdədə saxlayın, üstündən isə ayırıcı barmaqcıq qoyun. Möhürlü sürfə çərçivələrini gövdənin mərkəzi hissəsinə yerləşdirin, onun boş yerlərini isə şanlardan arakəsmə taxta ilə ayırın və yuvanı yaxşı istiləşdirin. Bu işin nəticəsində ananın yumurta qoymaq üçün əlavə sahəsi olur, arıların isə şanları bərpa etmək imkanı yaranır. İkinci gövdəyə qalxan istilik sürfələrin istiləşdirilməsi üçün arıların sayını məhdudlaşdırır və onların bir qismi sürfələrin bəslənməsi işindən azad olur.
Əvvəl qeyd olunduğu kimi ana bütün sürfəli şanları əhatə etdikdən sonra çərçivələrin əvəzlənməsini bir də təkrarlayın. Hər iki gövdə arılarla dolu olduqda gövdələrin arasında olan yarıqlarına yeni - komplektləşdirilmiş yeni şanlar qoyun. Ora arılar aşağıdakı (yuva) gövdələrdən yem daşıyacaq və gündəlik qoyulan yumurtaların sayını azaltmayaraq yumurta qoymağa davam edəcək. Gələcəkdə bu gövdə yem gövdəsi funksiyasını yerinə yetirəcək, ondan isə öz növbəsində yeni şanlar seçiləcək.