9. Məhsuldarlıq amili kimi arı ailəsinin gücü
Arı ailəsinin əhəmiyyəti arıların çoxlu nektar yığmaq və bala çevirmək, çiçək tozu toplamaq, həmçinin mum, ana südü və arı zəhəri ayırmaq xüsusiyyəti ilə bağlıdır. On minlərlə arı fərdləri ilə yaşayan iri arı ailələri entomofil bitkilərindən nektar və çiçək tozunu yığaraq eyni zamanda onları tozlandırır.
Arı ailəsi yaz, yay və payızda çiçək açan nektarlı bitkilərdən tam istifadə edərək yüksək məhsuldarlığı ilə seçilir. Buna yalnız güclü ailə qadirdir.
Arı ailəsinin həyatı ətraf mühitdən asılıdır. Zəif və güclü ailələr ətraf mühitin dəyişikliklərinə müxtəlif cür reaksiya verir. Fərq ondan ibarətdir ki, müxtəlif yaşlı arılardan ibarət olan güclü ailə ətraf mühitin dəyişikliklərinə tez və asan uyğunlaşır ki, bununla da əlverişli şəraitdən yaxşı istifadə edir.
Qışda zəif ailələrə nisbətən güclü ailələr yuvada istiliyi yaxşı saxlayır, ishaldan əziyyət çəkmir, arılar arasında ölüm halları az olur, yemdən az istifadə edir (diri arı kütləsinin 1 kiloqram hesabına), qışlamanı yaxşı keçirir və payızda daha yaxşı inkişaf edir. Güclü ailələrdən olan arıların daha sağlam və yüksək həyat qabiliyyəti olur, qışda çox yaşayır, əsas yığıma kimi daha çox işlədikdə isə onların sayı kəskin şəkildə artır.
Güclü ailələrin inkişafı yazın əvvəllərində daha tez başlayır və sürətlə davam edir. Analar var gücü ilə yumurta qoyur, arılar isə çoxsaylı sürfələri yaxşı yemləyir ki, onlardan sağlam, yaxşı inkişaf etmiş arılar doğulsun. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, zəif ailələrdə bəslənən arılara nisbətən güclü ailələrdə yetişdirilən arılar 6 gün çox yaşayır, onların əzələləri, ayaqları və qanadları daha yaxşı inkişaf edir, bal çinədanı isə iri həcmdə olur. Tədqiqatlar göstərir ki, zəif ailədən olan arı bir iş uçuşu zamanı 20 milliqram nektar gətirir, güclü ailədən olan arılar isə 36,5 milliqram nektar gətirir.
Yaz və yayda güclü ailələr çoxlu şan hörür və daha çox mum ayırır. Onların arıları və sürfələri xəstəliklərə qarşı daha çox həssasdır, onlara oğru arılar çox hücum edir, həmçinin törədicilər və xəstəliklərə qarşı daha yaxşı müqavimət göstərir.
Zəif və güclü ailələr arasında nəinki kəmiyyət, hətta keyfiyyət fərqi olur. Eyni əlverişli şəraitdə zəif ailələrin fəaliyyəti, əsasən sürfələrin bəslənməsi ilə bağlıdır, onlar öz ehtiyaclarını ödəmək üçün balı sərf etdiyindən əsas yığıma kimi yem ehtiyatlarını yığa bilmir. Güclü ailələrin ehtiyatında gənc arılar olur ki, onların köməyi ilə əlverişli hava şəraitində nektarlı bitkilərdən istifadə etmək olur, çox mum almaq olur, həmçinin də təbii və süni artım üçün istifadə etmək olur.
Zəngin, lakin qısa müddət ərzində çiçək açan nektarlı bitkilər olan bölgələrdə güclü ailələrin üstün cəhətləri daha çox özünü büruzə verir.
Güclü ailələrlə işləyərkən arıçının əməyinin məhsuldarlığı çox olur, çünki güclü ailələrlə işləyərkən lazım olan çoxsaylı əl hərəkətlərinə az vaxt sərf olunur. Məsələn, qışlama, yaz inkişafı, genişləndirmə, yemləmə işləri daha az zəhmət tələb edir, ona görə də arıçı digər işlər üçün vaxta qənaət edə bilər.
Arıçı arıxanada arı ailələrinin sayını artırmağa çalışmamalıdır, il ərzində güclü, sağlam və fəal ailələrin yaradılması və saxlanılmasına diqqətini cəlb etməlidir.