Ətraf mühitin amillərinin ikinci qrupu tam vahid kimi arı ailəsinin həyat fəaliyyəti nəticəsində yaranır. Bura, ilk növbədə - şanlar, yığılmış, işlənmiş və konservləşdirilmiş yem ehtiyatları, yuvada ailənin tənzimlədiyi temperatur, rütubət və qaz rejimi daxildir. Ailənin məhsuldarlığı üçün bu amillər böyük rol oynayır, onlar daha çox insan tərəfindən idarə oluna bilir və müəyyən dərəcədə genotipdən (arıların irsi xüsusiyyətlərindən) asılıdır. Ailənin məhsuldarlığını artırmaq üçün ikinci qrup amillərin idarə olunması arıları kifayət qədər zülal və karbohidrat yemlə təmin etmək, çoxlu sayda ehtiyat şanların yaradılmasından ailənin temperatur rejimi və yuvanın həcmini tənzimləmək yolu ilə mümkündür (soyuq havada yuvaların isidilməsi, yayda pətəklərin isti günəş şüalarından qorunması, vaxtı-vaxtında yuvaların genişləndirilməsi, iri həcmli pətəklərin istifadə edilməsi). Bütün bu tədbirlər arıların saxlanılması və yemlənməsinin səmərəli üsullarına aiddir və arıxananın məhsuldarlığının artırılmasına böyük təsiri var.
Arı ailəsinin daxili amillər qrupundan bal yığımı və arı ailələrinin yaşama qabiliyyəti üçün onun sayı - ailənin gücü böyük əhəmiyyət daşıyır. Ailədə nə qədər çox arı olarsa, bir o qədər də bal yığımı çox olacaq və bir o qədər də ailənin çəki vahidinə görə saxlayıcı yem az sərf olunacaq. Ailənin sayı ilə məhsuldarlıq arasında əmsal nisbəti 0,7-0,8 təşkil edir. Arı ailəsinin gücünün arıların xəstəliklərinin qarşısının alınmasında mühüm yeri var. Nəhayət, güclü ailələrdə bəslənən gənc arılar nektar və çiçək tozunun yığılması və işləmənsində inkişaf etmiş orqanları ilə seçilir, gənc ana və erkək arılar isə daha inkişaf etmiş cinsiyyət orqanları ilə seçilir.
Arıların sayından başqa, ailənin məhsuldarlığı və yaşama qabiliyyəti üçün müşahidə və təhlil zamanı yararlı sayılan ailənin fərdi əlamətlərinin vəhdəti də (onların genotipi) çox vacib hesab olunur: eksteryer və interyer əlamətləri (sorucu ağız aparatının uzunluğu, bal çinədanı və bağırsağın alt şöbəsinin həcmi, vəzlərin inkişafı, fermentlərin fəallığı), davranışı və s.
Ailənin inkişaf dərəcəsi, məhsuldarlığı və yaşamasına yumurta, sürfə və pupdan başlayan və yaşlı arılarla qurtaran arıların yaş tərkibi çox böyük təsir göstərir. Arıçının peşəkarlığı ondan ibarətdir ki, arıçılıq mövsümündən asılı olaraq ailənin yaş tərkibini elə tənzimləməyi bacarmalıdır ki, yaz vaxtı yemləyici analar sürətlə yetişdirilə bilsin, əsas bal yığımına kimi sürfənin bəslənməsi ilə məşğul olmayan daha çox uçan arı olsun, qışlama vaxtı isə - fizioloji cəhətdən kifayət qədər gənc arılar doğulsun (Şəkil 8.1).