Götürülən çərçivələrin əvəzinə alt gövdəyə əlavə şanlar qoyun, nəticədə, alt gövdədə 8-9 çərçivə və 1-2 şan çərçivəsi qalacaq, gövdəni isə tam komplektləşdirin ki, əsas yığım başlayana kimi bir də onu sökməyəsiniz. Göstərilən bütün işlər görüldükdən sonra ikinci gövdəni alt gövdənin üzərinə qoyun. Ailəni yaxşı istiləşdirin.
Arılar üst gövdənin şanlarının qovuqcuqlarını hazırladıqca ana ora həvəslə qalxır. Üst gövdədə açıq sürfənin sayı artacaq, ona görə də bura çoxlu yemləyici arılar gələcək, nəticədə isə yeni şanlar sürətlə hörüləcək. Üst gövdələr quraşdırıldıqdan 7-10 gün sonra orada arılar süni şanların üzərində şanları axıra kimi hörər və bir çox çərçivələr sürfə ilə olarsa, az balı olan iki-üç şan (təbiətdə nektar olmadığı halda) və ya iki-üç süni şan çərçivəsi ilə (bal yığımı olduğu halda) yuvanı genişləndirin.
İkinci gövdədə yuvanı hər 6-7 gündən bir genişləndirin, gələcəkdə isə arılar süni şanlarda şanları bərpa etdikcə və analar şanlardan yumurta qoymaq üçün istifadə etdikcə süni şanla olan çərçivələri həmişə açıq sürfənin yanında qoyun. Əgər təbiətdə saxlayıcı bal yığımı olarsa, ailənin gücünün artması, şanların hörülməsi sürətlə həyata keçirilər. İkinci gövdə qoyulduqdan təxminən bir ay sonra arılar bütün 24 çərçivənin üzərinə yığılacaq.
Unutmayın ki, mumun ayrılması və şanların hörülməsi yalnız ailənin yuvasında təzə nektar və çiçək tozunun olmasından asılıdır. Ona görə də arıxananın yaxınlığında müxtəlif vaxtda çiçəklənən, balverən bitkilər yoxdursa, arıları yaxşı yaz saxlayıcı yığımı olan yerlərə köçürmək lazımdır. Onları meşələr və bədmüşk olan yerlərə köçürmək daha məqsədəuyğundur.
Sərbəst iş üçün tapşırıqlar