Hava isti olduqda və davamlı az bal yığımı başlandıqda şanların bərpası və yuvaların genişləndirilməsi üçün əvvəlcədən hazırlanmış süni şan çərçivələrini ailələrə verin.
Sürfə ilə olan küncdəki şanla bal çərçivəsi arasında onu elə yerləşdirin ki, dartılmış məftil yuvanın iç tərəfinə baxsın. Adətən arılar ilk növbədə yuvanın mərkəzi hissəsinə tərəf çevrilən şan səthini bərpa edir, məftil isə gələcək şanın düz ortasına düşür. İsti hava və yaxşı saxlayıcı yığım olduqda güclü ailədə şan çərçivəsini sürfə ilə çərçivənin arası, yuvanın mərkəzinə qoymaq olar. Yuva gövdəsi doldurulduqdan sonra hazır şan və süni şan çərçivələri ilə doldurulan yarımçərçivəyə ikinci gövdə və ya calaq pətəyini quraşdıraraq yuvanı genişləndirin.
İkigövdəli pətəklər özünü o vaxt doğruldar ki, əsas bal yığımının başlanmasına kimi ana ikinci gövdədə işləmiş olsun.
Bu iş gecikdirilsə, bal yığımından əvvəl ailədə çoxlu açıq sürfə olacaq, onun yetişdirilməsi isə bir çox işçi arını bal yığımı fəaliyyətindən uzaqlaşdırır.
Ən pisi odur ki, ikinci gövdənin yerləşdirilməsi vaxtını siz gecikdirsəniz, ailə beçə vəziyyətinə düşəcək.
İkinci gövdənin arılarla yaxşı doldurulmasının əsas şərti gövdə quraşdırıldıqdan sonra heç olmasa, az da olsa, saxlayıcı yığımın təbiətdə olmasıdır.
İlk növbədə, yarıqsız olan gövdəni altdakı gövdəyə uyğunlaşdırmaq lazımdır. Sonra isə onu pətəyin qapaq və ya əlavə yer, ailənin yanına qoyaraq yuvanın hazırlanmasına başlayın.
Pətəyin cənub divarının yanında bal-güləm çərçivəsini qoyun, onun yanında isə şan çərçivəsini yerləşdirin. Sonra ailənin alt gövdəsindən müxtəlif yaşlı sürfə ilə olan bir çərçivə və iki çərçivə yetişmiş sürfəni yeni gövdəyə qoyun. Sürfə çərçivələrini orada olan arılarla birlikdə götürün.
Sürfə çərçivədən sonra şərbətlə qatışdırılmış açıq-şabalıdı rəngdə olan yaxşı şan çərçivəsi, küncdən isə bal və güləmlə olan çərçivəni yuvaya qoyun. İkinci gövdəyə boş sahədən arakəsmə taxta ilə ayrılan 6-7-dən çox olmayaraq çərçivə qoyun.