Ailənin fəal həyat fəaliyyəti dövrü ərzində 34-35°C temperaturu saxlamaq üçün yuvanın sürfəli çərçivə aralıqlarında arılar müəyyən sıxlıqda yerləşdirilir. 435 x 300 kvadrat millimetr ölçüsü olan standart çərçivəli pətəklərdə havanın temperaturu və ailənin vəziyyətindən asılı olaraq iki şanın arasına və ya hər iki tərəfdən hər iki şanda 2000-3000 arı yerləşir.
Şanların uçuş bacasına yaxın yerləşdirilməsi isti yığım adlanır. Əgər onlar küncə çevrilibsə, onda soyuq yığım alınır. Arılar üçün ən yaxşı şərait yaz və payızda isti yığım olan yuvada yaradılır, yayda isti olan vaxt isə soyuq yığım olur. Adətən müasir pətəklərdə ailələr soyuq yığım əsasında saxlanılır.
Şanlarda qovuqcuqların aşağıdakı növləri olur: arı, erkək arı, ana qovuqcuqları. Bal və keçid arı qovuqcuqlarından arıların bəslənməsi, həmçinin bal və güləmin hazırlanması üçün istifadə olunur. Onların forması altıüzlüdür, ölçüləri isə arının ölçülərindən asılıdır. Qovuqcuğun diametri (iki paralel divar arası məsafə) çox vaxtı 5,37-5,42 millimetr olur. Orta Rusiya arılarının şanlarında qovuqcuqların ölçüləri böyük olur.
Arı qovuqcuğunun adi dərinliyi 10-12 millimetrdir. Onu balla doldurduqda dərinlik arta bilər, bu da şanların qalın olmasına səbəb olur.
Bal gövdələri və calaq üstlüklərində çərçivələr eninə yerləşdirilir və şanlar arası məsafə 41 millimetrə çatır.
Bunu ona görə eləyirlər ki, orada yumurta qoyulmasının qarşısı alınsın və balın süzülməsi üçün çərçivələr çıxarılarkən iş yüngülləşsin.
Erkək arı qovuqcuqları erkək arıların doğulması üçün nəzərdə tutulub, onların diametri 6,9 millimetrdir. Bal yığımı zamanı boş və erkək arı qovuqcuqları balla doldurulur. Güləmi yığmaq üçün, adətən yalnız arı qovuqcuqlarından istifadə olunur. 25 kvadrat santimetr şan sahəsində 100 arı və 75 erkək arı qovuqcuğu olur. Hər iki tərəfdən 435 x 300 kvadrat millimetr ölçüsündə olan çərçivə ilə süni şan əsasında hörülmüş şanın 8 mindən çox qovuqcuğu olur.
Ana çıxarılan qovuqcuqlar analıqlar adlanır. Analıqlar beçə ana yuvası və ana qovuqcuğuna bölünür. Beçə ana yuvaları ananın inkişafı üçün siniciklərə yumurtalar qoyulduqdan sonra ailənin beçəverməsindən əvvəl hörülür. Bu cür qovuqcuqlar palıd qozasına bənzər formada olur və şanların yan və aşağı künclərində ətraflarda yerləşdirilir.
Yayın sonu arılar sinicikləri saxlayaraq qovuqcuqları didir. Ana qəfildən ölərsə, sürfələrdən analar bəslənən arı qovuqcuqlarının yerində analıqlar yerləşdirilə bilər. Bu cür analıqlar ana qovuqcuğu adlanır və arı sürfələrinin arasında qoyulur (Şəkil 4.2).
P.İ.Prokopoviç Rusiya imperiyasının görkəmli arıçısı, Ukraynalı, çərçivəli pətəklərin yaradıcısı 1814-cü ildə hazırladığı yığılıb-sökülən pətəkdə (Şəkil 4.3) ilk dəfə olaraq yuvanı iki hissəyə bölmüşdür. Bu pətəyin mərkəz hissəsinə sürfə qoyulur, xüsusi ayırıcı barmaqlıqlarla ayrılan yuxarı hissəsində isə bal üçün yer saxlanılır.