Profilaktikası - arıxananın yerləşdiyi əraziyə xəstəlik yoluxmuş arıların gətirilməsinin qadağan edilməsidir. Arıçılar ildə iki dəfə təsərrüfatdakı arı ailələrinin kliniki müayinədən keçirilməsini təşkil etməlidirlər.
Mübarizə yolları - gənələr öz-özlüyündə heç vaxt məhv olmur. Buna görə də onlarla kompleks mübarizə aparmaq tələb olunur. Əsasən kimyəvi dərmanlardan istifadə olunur: apistan, bayvarol, lent halında akarisidlə (gənələrin qatilləri ilə) canına hopdurulmuş fumisan. Bipindən də istifadə etmək məsləhət olunur.
Fiziki üsul - istilik kamerasında təmizləmə. İstilik kamerasında xüsusi torlu qabda - kasetdə ailəni yerləşdirir və 47°C temperaturda 15 dəqiqə və ya 30 dəqiqə ərzində 45°C temperaturda saxlayırlar. Gənələr metal altlığa düşür və ölür.
Akarapidoz
Akarapidoz (akaroz) - yaşlı arıların invazion xəstəliyidir. Bu arıların tənəffüs orqanlarının parazitar xəstəliyidir.
Törədicisi - xəstəliyin törədicisi Acarapis woodi adlanan tipik endoparazit gənədir. Gənə yaşlı arıların traxeyasında parazitlik edir (Şəkil 12.28). Bundan əlavə gənə arının bədəninin səthi, qanadların arasında parazitlik edə bilər. Onun deşici, sorucu ağız aparatı vardır ki, bunun köməyilə sahibinin hemolimfası ilə qidalanır. Dişi fərd erkək fərdlə arıların traxeyasında cütləşir. Gənə arı orqanizmindən kənarda yaşaya bilmir, yaşama müddəti 40 gündür. Arı öldükdən sonra 1-6 günə qədər yaşaya bilir.
Xəstəliyin klinik əlamətləri - xəstəliyin gedişi xronikidir və gizli formada gedə bilər. Xəstəlik arı ailəsinin üçdə birini əhatə etdikdən sonra onun əlamətləri nəzərə çarpır. Xəstəliyin əsas əlamətləri yazın əvvəli və yayda çoxlu yağıntı dövründə nəzərə çarpır.
Xəstə arılar pətəyin ətrafına səpələnərək uça bilmədikləri üçün sürünə-sürünə hərəkət edir. Əsas əlaməti odur ki, arılar parazitdən yaxa qurtarmaq üçün adi haldan fərqli olaraq arxaları üstə çevrilib dövrə vurur və beləliklə də akaroz parazitindən xilas olmağa çalışır. Qanadlarının qırılması da nəzərə çarpır (12.29). Arıxanalarda bu cür halların yaranması akarapidoz xəstəliyinin ilk nişanələridir.