Diaqnozu - xəstəliyin əlamətləri bakterioloji müayinənin nəticələrinə əsasən qoyulur.
Profilaktika və mübarizə yolları - Salmonelyoz, hafniozda olduğu kimidir. Əlavə olaraq bu xəstəliyə qarşı xlor tetrasiklin 100 min ədəd bir litr şərbətlə birgə vermək olar. Müalicə 5 günlük aralıqla 3 dəfə aparılır.
12.9. Arıların askosferozu
Askosferoz (təbaşirli artım) - Askosferoz arı ailəsinin yoluxucu xəstəliyidir. Bu xəstəliyə təbaşirli artım da deyilir. Askosferoza ana, erkək və işçi arıların sürfələri tutulur (Şəkil 12.15). Xəstəlik yoluxmanın 1-ci ilində arıçılıq təsərrüfatlarına böyük zərər verir, sonrakı illərdə zərəri azalır.
Törədici - xəstəliyi törədən Ascosphaera apis göbələyidir. Bu göbələyin yetişməsi üçün optimal şərait müsbət 30 dərəcə Selsidir. Xəstəliyin sporları xarici mühitin təsirinə çox dayanıqlıdır. Boş pətəklər, şanlar, arıçılıq alətləri, bal və güləmdə törədici yaşama qabiliyyətini 4-15 il saxlaya bilir. Törədici, həmçinin dezinfeksiyaedici maddələrin təsirinə davamlıdır. O, 3-4 gün yaşında olan erkək arılar və arıların sürfəsini zədələyir ki, onlar isə öldükdən sonra təbaşir və ya əhəng hissələrinə oxşayan mumiyalara çevrilir (Şəkil 12.16). Ona görə də xəstəliyin adı - təbaşir və əhəng sürfəsi buradan irəli gəlir.
Patogenez - askosferin intensiv yayılması onunla izah olunur ki, antibiotik və digər dərmanların nəzarətsiz istifadəsi, həmçinin zooloji qaydalara riayət olunmaması və arıların yuvalarında temperatur-rütubət rejiminin pozulması arılarda orqanizm dözümlülüyünün məhvinə səbəb olur. Arı ailələrinin məhsuldarlığının azalması səbəbindən xəstəlik iqtisadi tənəzzülə gətirib çıxarır. Doğulacaq arıların sayı 23 faizə, bal yığımı xüsusiyyəti isə 49 faizə qədər azalır.
Xəstəliyin törədicisi sürfələrin bağırsaqlarına bal və güləmlə birlikdə düşür, əgər sürfə yaxşı istilənib (34-35°C) və kifayət qədər yemlənibsə, xəstəlik yaranmır: sürfə xəstəliyə yoluxmur. Temperaturun aşağı düşməsi və sürfələrin yaxşı yemlənməməsi bağırsağa ziyan vuran, sonra isə sürfənin bütün orqanları və toxumlarına yayılaraq miseliyanın inkişaf olunmasına imkan verir. Nəticədə ağ topa halında olan, sonra isə boz və ya qara rəngə çevrilən mumiya adlanan oval forma əmələ gəlir.