Xəstəliyin əlamətləri - Xəstəlik ən çox yazın sonu, yayın əvvəlində başlamaqla arı ailəsində açıq sürfə olan müddətə qədər davam edir. Xəstəliyin aşkar və gizli formaları olur. Gizli formada Avropa çürüməsinin törədiciləri şanlar, güləm, bala, yaşlı sürfələr, işçi arılar və anaların orqanizmlərinə daxil olur, lakin onlar, adətən sürfələrin ölümü və ailələrin zəifləməsinə səbəb olmur.
Aşkar forma ailələrə baxış keçirildikdə asanlıqla müşahidə olunan sürfələrin ölümü ilə səciyyələnir. Xəstə sürfələrin sayından asılı olaraq xəstəliyin 3 dərəcəsi var: zəif, orta və güclü. Arıxanaların antisanitariya vəziyyətində xəstəlik illərlə davam edə və ailənin ölümünə səbəb ola bilər.
Bir çox halda xəstəlik sürfələrin ac olduğu zəif və yemlə təmin olunmayan ailələrdə baş verir. Ailələrin zəhərlənməsi və kifayət qədər istiliyin olmaması xəstəliyin yaranmasına səbəb olur.
Bəzən xəstəlik Amerika çürüməsi ilə kisəyəoxşar sürfə xəstəliyi ilə qarışıq formada olur. Yaşlı arıların xəstəliyi gizli formada keçir: ümumi zəifliyi, aşağı əmək qabiliyyətliliyi, vaxtsız ölümü ilə müşahidə olunur.
Xəstəliyin ilk əlamətləri şanların qovuqcuqlarında sürfələrin yüksək hərəkətliliyi və təbii yerinin dəyişməsi ilə özünü biruzə verir. Yadda saxlamaq lazımdır ki, sağlam sürfələr gözcük içərisində üzük formasında yerləşir. Xəstə sürfələr parlaqlıq, dözümlülüyünü itirir, sonra isə saralır və tünd olur. Dəriləri şəffaflaşır, daxili orqanlarını görmək mümkün olur (Şəkil 12.8).
Öldükdən sonra sürfələr tədricən quruyur və qovuqcuğun aşağı küncündə yerləşən tünd-qəhvəyi nazik qabığa çevrilir, asanlıqla qopan, qəhvəyi gözcüyün dibinə yapışır. Çürümüş sürfələr turş və çürüntü iyi verir.
Diaqnozu - xəstəliyə diaqnoz klinik əlamətlərinə görə qoyulur. Bu xəstəliyi müəyyən edərkən oxşar xəstəliklərdən fərqləndirmək lazımdır. Belə ki, Amerika çürüməsində ölmüş sürfə dülgər yapışqanı iyi verirsə, Avropa çürüməsində turş və çürüntülü iy verir, kisəli sürfədə isə heç bir iy olmur. Dəqiq diaqnoz yalnız baytarlıq laboratoriyalarında bakterioloji, bakterioskopik, sereloji araşdırmalar nəticəsində təyin edilir.
Profilaktika - Avropa çürüməsinin qarşısını almaq üçün arıxanalarda güclü ailələr saxlamaq lazımdır. Qışa onları yemlə təmin etmək lazımdır. Ventilyasiya və lazımi istiliyi təmin etmək lazımdır. İki mövsümdən çox istifadə olunan qara şanlardan istifadə etmək olmaz. Arı ailəsinin yuvasında kiflənmiş şanlar, çürümüş bal, həmçinin şanlar və pətək detallarında arıların nəcisləri olmamalıdır.
Arıxanaları quru, küləkdən yaxşı qorunan, yaxşı bal yığımı olan yerlərdə yerləşdirmək məsləhətlidir.