Həmçinin bu cür viruslar mövcuddur: arıların kəskin iflici, filamentoviroz, peridesensviroz, “tündləşdirilmiş (qaralmış) qanad”, “qara analıq” xəstəliyi, Arkanzas virusu, ağır iflic virusu, Kəşmir virusu, Misir virusu, iks virusu, iqrik virusu, Nodamur virusu və başqaları.
12.2. Bakteriozlar
Amerika çürüməsi (yaman çürümə) - arı sürfələrinin pup mərhələsində baş verən, yaz və yay dövründə törədilən yoluxucu xəstəlikdir (Şəkil 12.4). Xəstəlik baş verdikdə arı ailələrinin zəifləməsi və nəhayət tələf olması ilə nəticələnir. Arıçılıq təsərrüfatlarında sağlamlaşdırıcı tədbirlər aparılmadıqda xəstəlik tezliklə yayılaraq arıçılığa böyük ziyan vurur. Xəstəliyə, adətən yaz və yayda yaşlı sürfələr, puplar yoluxur.
Törədicisi - xəstəliyi törədən, spor əmələ gətirən, xarici mühitin təsirlərinə davamlı olan Paenibacillus larvae mikrobudur. İnfeksiya bir ailədən başqa ailəyə oğru arılar vasitəsilə xəstə arı ailəsindən şanlı çərçivə götürülüb sağlam arı ailəsinə verildikdə xəstə ailədən götürülən ballı çərçivədən eyni alətlərlə hər iki ailədə istifadə edildikdə yayıla bilir. Sporlar xarici fiziki və kimyəvi təsirlərə dözümlüdür və onilliklərlə təbiətdə davamlı qala bilər. Sporların yaşama qabiliyyəti balın tərkibi, sürfə cəsədləri, xüsusən də mumda uzun müddət qala bilir. Balın tərkibində olan zaman sporlar 1 ilə qədər, günəş altında 5-7 həftə, qurumuş cəsədlərdə bir neçə həftə yaşama qabiliyyətini saxlayır.
Kliniki əlamətləri - xəstəlik arıxanada may ayının ikinci yarısı, iyun, iyul aylarında baş verir. Xəstəliyin inkubasiya dövrü 3-7 gündür. Ailəyə baxış keçirilən zaman xəstəliyin əlamətləri aşkar olunur. Şan üzərində tək-tək zədələnmiş sürfə görünür, müəyyən müddətdən sonra xəstə sürfələrin sayı artır. Tələf olmuş sürfə olan gözcüyünün qapağı qaralır, çökür və üzərində deşik əmələ gəlir. Xəstəliyin sonunda sürfə tünd-qonur rəngdə olur. Ölmüş sürfə kütləsi şan gözcüyünün bir tərəfində yapışqanlı şəkildə olur (Şəkil 12.5). Amerika çürüməsi xəstəliyi baş verən zaman arı pətəyinin içərisindən dülgər yapışqanı iyi gəlir. Xəstə ailələrdə cavan arıların miqdarı kəskin surətdə azalır. Vaxtında mübarizə tədbirləri aparılmazsa, ailə yavaş-yavaş məhv olur. Əgər xəstəlik yüngül formada davam edirsə, arı ailəsi qışlamaya qədər yaşayır, qışlama mövsümü keçirildikdən sonra həddən artıq zəif hala düşdüyündən tələf olur.