1. Bal süzümü
Şanlardan balın süzülməsi çox zəhmət tələb edən işdir və müxtəlif avadanlıqlardan istifadə edilməsi, əsasən də arıçılığın sənaye əsasına keçirilməsini tələb edir. Balı süzmək üçün aşağıdakı əməliyyatları yerinə yetirin: şanları pətəklərdən ayırın, qovuqcuqların möhürlərini açın, balı süzün və onu təmizləyin.
Balın süzülməsi üçün süzümə gedəcək çərçivələri ayırır, sənaye tipli arıxanalarda isə bal gövdələr, calaq pətəkləri ilə götürülür (Şəkil 1.1).
Yetişmiş bal yetişməmiş bala nisbətən tez süzülür. Axıcılığına görə balı aşağıdakı növlərə bölmək olar: çox duru (akasiya və yoncadan), duru (cökə, vəzərək, yağı otundan), qatı (zəncirotu, xaşa, günəbaxan, gəzəngidən) və əridilmiş (süpürgə kolundan).
Balın satış qiymətini müəyyənləşdirərkən əsas diqqəti onun bitki mənşəyi, yetişməsi və nəmliyinə yetirmək lazımdır. Balın satış keyfiyyətinə nəinki nektarın təbii xüsusiyyətləri, həmçinin də yuvadan çıxarılan balın yetişməsi, süzülmənin texnoloji və sanitar şəraiti, pətəkdən istehlakçıya gələn şanda balın emalı və saxlanması təsir göstərir.
Yüksək keyfiyyətli balı arıxanada yalnız mum qapaqcıqları ilə tam möhürlənmiş (yetişmiş bal) şanlardan əldə etmək olar (Şəkil 1.2).
Pətək içərisindən tam möhürlənmiş şanlı çərçivə götürülərək süzülür, belə bal tam yetişmiş olur və 20 faizdən az olmaqla nəmin miqdarını təmin edir (Şəkil 1.3). Üzəri möhürlənməmiş şanları götürüb süzmək olmaz. Möhürlənməmiş şanlardan alınan balın nəmliyi 22 faizdən çox olur və belə halda bal yetişməmiş olur (duru bal) və tez bir zamanda turşuduğu üçün onu saxlamaq olmaz. Balın durulması və köpüklənməsi onun qıcqırmasını göstərən əlamətlərdəndir. Belə hal mikroorqanizmlərin inkişafı üçün bir vasitə kimi xidmət göstərir.