GİRİŞ
Hörmətli oxucu!
Arıçılığın Azərbaycanda qədim tarixi vardır. Uzun illərdən bəri arılar insanlara xidmət etmiş, yüksək keyfiyyətli məhsulları ilə insanları həm qidalandırmış, həm də onlara şəfa vermişdir. Azərbaycanın zəngin təbiəti bu ərazidə arıçılığın yüksək səviyyədə inkişaf etdirilməsinə münbit şərait yaradır. Hal-hazırda dövlətimiz arıçılığın inkişafına yüksək səviyyədə qayğı göstərir. Arıçılıq təsərrüfatlarına güzəştli kreditlər verilir. Hər il Bakı şəhərində arıçılıq məhsullarının satış yarmarkası keçirilir. Bir ay ərzində keçirilən bu tədbirə görə arıçılardan heç bir rüsum alınmır.
Arıçılıq dünyada analoqu olmayan kənd təsərrüfatı sahəsidir. Bu sahənin gəlirliliyi haqqında çox yazılıb. Kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, onun qədər gəlir gətirsin. Bu o demək deyil ki, arıçılıq öz-özünə gəlir gətirəcək. Bu gəlir güclü arıçıların yüksək əmək və zəhməti sayəsində başa gəlir.
Siz “Arı məhsullarını (bal, arı südü, bərəmum, çiçək tozu, güləm və arı zəhəri) əldə etmək və uyğun şəraitdə saxlamaq” modulunda çox vacib bir məsələni öyrənəcəksiniz. Hər bir işin nəticəsi olduğu kimi arıçılığın da nəticəsi istehsal olunan məhsulu əldə etmək və ondan gəlir götürməkdir. Bu modulda siz arı ailələrinin bal yığımı və bal yığımının istifadəsinə hazırlığı, balın süzülməsinə hazırlıq məsələləri ilə tanış olacaq, çətin bir işin həlli yollarını öyrənəcəksiniz. ”Balın süzülməsi” bölümündə şanların çıxarılması, süzüm yerinə gətirilməsi, süzümün bütün incəlikləri ətraflı şərh edilmiş və mövzulara uyğun praktik tapşırıqlar verilmişdir.
Balsüzənlə rəftar qaydaları bütün incəliyi ilə arıçılara yol göstərəcək.
“Arıxanada arıçılıq məhsullarının emalı bölümündə bu məhsulların emal qaydaları, iqtisadi və ekoloji cəhətdən ziyansız saxlanılması üsulları, nəhayət arıçılıq məhsulları əsasında hazırlanan kosmetik vasitələr və müalicəvi dərman preparatlarının insanlara faydası öz əksini tapmışdır.
Əziz oxucular! Bu modulda olan mövzuların tədris olunması nəticəsində siz əldə etdiyiniz məlumatların köməyi ilə nəzəri və təcrübi bilikləri genişləndirə və əldə etdiyiniz bilikləri gələcəkdə arıçılıq fəaliyyətinizdə tətbiq edə biləcəksiniz.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.