4. Arıçılıq məhsulları əsasında hazırlanan müalicəvi vasitələr
Arı balı təbiətin bəxş etdiyi ən gözəl nemətdir. Qədim həkimlər onu uzunömürlülüyün pəhriz yeməyi adlandırmışlar. Balın 1001 dərdin dərmanı olması onun müxtəlif çiçəklərdən toplanmasının nəticəsidir. Təbii bal yüksək kolorili gida məhsulu olmaqla yanaşı həm də müalicəvi profilaktik əhəmiyyətli məhsuldur. Balın kimyəvi tərkibi iqlim şəraiti və toplandığı bitkilərin növündən asılıdır.
Tarixdən gələn məlumatlara görə misirlilər hələ 3500 il bundan əvvəl yaraların müalicəsində baldan istifadə etmişlər. Dahi yunan həkimi Hippokratın 2500 il bundan əvvəl “Yaralar haqqında” əsərində təklif etdiyi reseptlərin tərkibində bal xüsusi yer tutur. Balın universal şəfaverici vasitə olması haqqında çox yazmaq olar. Ancaq bu təlim nəticəsində məqsədimiz bütün arıçılıq məhsullarının şəfaverici xüsusiyyətlərindən danışmaq olduğu üçün onlar haqqında da danışmaq məqsədəmüvafiqdir.
Arıçılıq məhsullarının müalicəvi xüsusiyyətləri sözsüz ki, son dərəcədə maraqlıdır və onlardan düzgün istifadə olunduqda bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Lakin arıçılıq məhsullarından bütün xəstəliklərə qarşı dərman kimi də istifadə etmək olmaz.
Bir çox hallarda arıçılıq məhsullarının müalicə praktikasında müəyyən xəstəliklərə qarşı ya heç bir təsiri olmur və ya əlavə müalicəvi vasitə kimi istifadə olunur. Qeyd etmək lazımdır ki, arıçılıq məhsullarından düzgün istifadə olunmalıdır. Hər kimsə müəyyən xəstəliyi arıçılıq məhsulları ilə müalicə etməyi zəruri hesab edərsə, həmin şəxs məsləhət üçün həkimə müraciət etməlidir. Arıçılıq məhsullarından hazırlanan və onun tərkibinə ayrı tərkib hissələr kimi daxil olan dərmanlar haqqında məlumat əldə etmək üçün aşağıda göstərilən müalicəvi formalarla yaxından tanış olmaq lazımdır.
4.1. Arıçılıq məhsullarından istifadə
Arıçılıq məhsulları - biostimulyatorlardır.
Bərəmum (propolis) - arıların əsasən bitki qətranlarından hazırlandığı ən güclü təbii antibiotikdir. Virus, bakteriya, göbələk əleyhinə təsirə malikdir. Xüsusiyyətlərinə görə bir çox xəstəliklərdə məlhəmi xaricə, ekstraktı isə daxilə qəbul olunur. Bərəmum nəinki xəstə, hətta sağlam insanlara da faydalıdır, çünki yorğunluğu aradan qaldırır, iştaha və iş qabiliyyətini artırır (Şəkil 4.1).
Bərəmumun su ilə qarışığı: 0,5 litr qaynadılmış suya 100 qram xırda doğranmış bərəmumu qatın və su çənində 1 saat qızdırın. Alınan cövhəri otaq temperaturuna kimi soyudun, cuna və ya kağız süzgəcdən keçirin, saxlamaq üçün kip bağlanan təmiz qaba süzün.