3.5. Arı südü
Arı məhsullarından ən yüksək qida dəyərinə sahib hesab edilən arı südüdür. Arı südü 6-17 günlük gənc işçi arıların üst çənə və udlaq vəziləri tərəfindən ifraz olunan qida maddəsidir. (Qeyd: İndiyə qədər işçi arıların süd istehsalı ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Hal-hazırda da tədqiqatlar gedir. Son rəqəm 13, 14, 15, 16, 17 kimi qəbul edənlər var. Fikrimizcə, son tədqiqatlardan (Polşada aparılır) sonra bu rəqəm dəqiqləşər). Arı südü ilk üç günlük yaşda olan bütün sürfələr, ana arı yetişəcək sürfələr, sürfə dövrləri və ana arıların həyatının bütün mərhələlərində yeganə yem vasitəsidir (Şəkil 3.15).
Şəkil 3.15. Arı südü
Arı südü turş dadı ilə ağ kisel kimi kütləyə bənzəyir və çox mürəkkəb tərkibə malikdir. Kimyəvi tərkibində su, yağlar, zülallar, karbohidratlar, minerallar və vitaminlər var. Onun tərkibində olan vitaminlər 12-16 dəfə çiçək tozunun tərkibinə nisbətən çoxdur. Ən əsası arı südü cinsəl hormonlar və cinsiyyət fəaliyyətini tənzimləyən E vitamini ilə zəngindir.
Arı südündən tibb, kosmetika və bioloji cəhətdən aktiv əlavələrdə geniş istifadə olunur.
Arı südü istehsalına təsir edən amillər:
- Arı südü istehsalında istifadə edilən ailələrin cins xüsusiyyətləri arı südü istehsalına təsir edən ən əhəmiyyətli amillərdən biridir. Bu səbəblə, bala bəsləmə və süd ifraz etmə qabiliyyətinə sahib cinslər ilə işləmək, arı südü istehsalında müvəffəqiyyətin əsas şərtidir. Bu mövzuda geniş aparılan araşdırmalar İtalya cinsinin arıların digər arı cinslərindən daha çox arı südü istehsal etdikləri təsbit edilmişdir. Lakin İtaliya arılarının fərqli xətləri arasında hasil olunan məhsulların miqdarında fərqlər var. Arı südü istehsalı üçün işləyəcək arıçılar yüksək verimli cinsləri seçməlidir;
- Arı südü istehsalı mövsümdən də asılıdır. Bahar aylarında nektar və çiçək tozu ehtiyatları bol olduqda həm sürfə köçürülməsi, həm də ana arı üsküklüyünə qoyulan arı südünün miqdarı artar. Beləliklə, eyni sayda sürfənin köçürülməsindən daha keyfiyyətli süd yığmaq mümkündür. Arı südü istehsalı zamanı mövsüm kifayət qədər isti deyilsə, bitkilər nektar və çiçək tozu ifraz edə bilməz, həm də arılar pətəkdən çıxmaz. Çox isti olsa, arıların məhsuldarlığı ciddi şəkildə düşür. Odur ki, mövsüm məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir göstərir;