3. Arıçılıq məhsulları
3.1. Bal
Çox dəyərli qida məhsuludur, eyni zamanda da tibdə geniş istifadə olunan vacib müalicəvi vasitədir. Qida məhsulu kimi bal insana çoxdan məlumdur (Şəkil 3.1). Onda olan gözəl dad yüksək qidalılığı və insan orqanizminin yaxşı həzm etmə xüsusiyyəti ilə birləşir. Lakin ən vacibi odur ki, bal yaxşı müalicəvi vasitədir. Çox qədimdən balın keyfiyyəti insan qüvvətinin tez yığılmasına səbəb olan məhsul kimi tanınır. Bu səbəbdən fiziki cəhətdən ağır işə hazırlaşan insanların rasionuna çox vaxt bal əlavə olunur, məsələn, yarışa hazırlaşanlar, alpinizm, dənizin çox dərinliyində işləyənlərə bal lazımdır. Bal, əsasən uşaqlar üçün çox faydalıdır. Gündəlik rejimdə baldan istifadə edən uşaqlar tez böyüyür və xəstəliklərə qarşı davamlı olurlar. Tədqiqatlar göstərib ki, bal yeyən uşaqlarda qanda hemoqlobinin faizi artır və səhhəti ilə əlaqədar digər göstəricilər də yaxşılaşır. Ağır xəstəliklərdən sonra sağalmış insanların gündəlik qida rejiminə balın əlavə olunması onlara çox yaxşı təsir göstərir. Balın bu cür təsiri nəinki asanlıqla həzm olunan qida maddələrinin olması, həmçinin də balda insan orqanizminə lazım olan digər maddələr, əsasən də fermentlər, vitaminlər və mineral duzların mövcudluğu ilə izah olunur. Bu üç qrup mürəkkəb kimyəvi birləşmələr balda tam kompleks şəklində cəmlənib.
Xalq təbabətində bal həm daxili, həm də xarici istifadə üçün nəzərdə tutulan vasitə kimi ta qədimdən işlənilir. Müasir tibdə baldan eyni məqsədlə istifadə olunur.
İrinləmiş yaraların müalicəsi zamanı balın xarici istifadə üçün nəzərdə tutulan vasitə kimi işlənməsi, ilk növbədə ona əsaslanır ki, bala bakterisidlik xasdır (yəni yaralarda irinin yaranmasına səbəb olan mikrobları öldürmək xüsusiyyəti).
Balın bakterisid xüsusiyyətləri arıların orqanizminə düşən xüsusi inhibitor adlanan maddələrin olmasından asılıdır. Müxtəlif bitkilərdən yığılan balda bakterisidlik daha çox olur. Balla müalicə zamanı xarici istifadə üçün nəzərdə tutulan vasitə kimi ondan istifadə edildikdə yaralar tez sağalır. Daxili istifadə üçün nəzərdə tutulan vasitə kimi bir çox xəstəliklərin müalicəsi zamanı baldan istifadə edilməsi onunla izah olunur ki, bakterisid xüsusiyyətləri olan yüksək keyfiyyətli bal həm pəhriz məhsulu, həm də bütövlükdə orqanizm və onun müxtəlif orqanlarının işi və vəziyyətini yaxşılaşdıran dərman kimi işlənilə bilər.