Bunun üçün calaq pətəyi və gövdəsinə də baxış keçirin. Baxış zamanı bütün çərçivələrin nektarla dolduğuna əmin olsanız, digər calaqları da qoyun. 2-3 gündən sonra ilk calaq pətəklərində şanlar möhürlənir və bal süzmək üçün onlar götürülür. Bunun üçün günün ikinci yarısında pətəyin yanına arabada yeşikdə boş şan çərçivələrini gətirin. Sonra isə qapağı çıxarın və çərçivədən yuxarı yerləşən hissəyə tüstü körüyündən bir neçə dəfə tüstü burumları buraxın. Arılar tüstüdən aşağı uçarsa, calaq çərçivələrindən yetişmiş balı çıxarın, onlardan arıları silkələyin və yeşiyi süni və boş hörülmüş şanlı çərçivələrlə yanaşı qoyun.
Yetişmiş ballı olan çərçivələri möhürlərin açılması və süzülməsi üçün otağa qoyun. İri arıxanalarda, adətən balın yığılması və süzülməsini bir neçə kişi və ya briqada yerinə yetirir. Arıçı köməkçisi ilə birlikdə pətəklərdən bal çərçivələrini çıxarır və arıçılıq otağına gətirir, digər işçilər isə şanları möhürdən açır və balsüzəndə balı süzürlər.
Xüsusi təsərrüfatlar və arıçı müəssisələrində işləyən briqada calaq və ya gövdələrlən yetişmiş balı ayırır və mərkəzi yuvaya emal sexinə aparır. Pətəklərdən ayrılmış bal şanları (isti su, buxar, elektrik cərəyanı ilə) qızdırılmış çəngəl və bıçaq vasitəsi ilə möhürlərdən açılır (şanların mum qapaqcıqları kəsilir). İri müəssisələrdə möhkəm vibrasiya edən bıçağın köməyi ilə şanları möhürlərdən mexaniki vasitə ilə açmaq üçün maşından istifadə edirlər.
Balın süzülməsi balsüzən vasitəsilə məhsulun tərkib hissələrinə ayrılması yolu ilə (mərkəzdənqaçan qüvvə balsüzən valının fırladılması ilə əmələ gəlir) balın qovuqcuqlarından alınması prosesidir. Barabanın əllə çevrilmə sürəti dəqiqədə 160-180 dövrə bərabər, elektrik ötürücüsü ilə isə dəqiqədə 300 dövrə yaxındır.
Xordial balsüzənlərə kaset və ya vala sıx olan torun üzündə 2-dən 8-ə kimi çərçivə yerləşdirilir. Fırlama nəticəsində bal şanlarının çərçivələrindən çöl tərəfdən çəlləyin divarlarına sıçrayır və altlığa süzülür. Oradan isə bal kran vasitəsi ilə altlığa qoyulan vedrələrə süzülür. Valı birdəfəlik yüksək sürətlə fırlatmaq olmaz, şanlar əyilə və onlarda çatlar əmələ gələ bilər.
Xordial balsüzənlərlə şanların xarab olmasının qarşısını almaq üçün balı 3 dəfəyə süzürlər. Əvvəlcədən bir tərəfdən valı yavaş-yavaş fırladaraq balın 30-50 faizini süzün, sonra dəqiqədə 160-180 dövrə tədricən çatdıraraq şanları digər tərəfə çevirin və qovuqcuqları tamamilə baldan boşaldın. Yalnız bundan sonra şanları bir daha birinci tərəfdən çölə çevirərək qalan balı süzün. Müxtəlif növlü xordial balsüzənlər saatda 40-80 şan istehsal edir. Balın süzülməsi üçün daha məhsuldar radial balsüzənlər hesab olunur. Onlar adətən elektrik ötürücüsü ilə işləyir və şanların hər iki tərəfindən balın eyni zamanda süzülməsini təmin edir. Vala 20-dən 50-yə qədər və ondan da çox çərçivə yerləşdirirlər. Fırlanma sürətini dəqiqədə 250-300 dövrə kimi tədricən çatdırırlar (Şəkil 1.6).
İri arıçılıq təsərrüfatlarında texnoloji xətlər və daşınan aqreqatlarda eyni zamanda 2 radial balsüzən işləyir. Onlar çərçivələrlə doldurulur və ardıcıl olaraq işə salınır.