Arı ailələrini kütləvi seleksiya zamanı materiallara görə qiymətləndirərkən 3 qrupa ayırmaq olar. Birinci qrupa - damazlıq nüvəsinə - məhsuldarlıqla yanaşı, digər müsbət xüsusiyyətləri olan 10-15 faiz arı ailəsi, ikinci (işlənilən) qrupa - 70-80 faiz arı ailəsi, üçüncü qrupa isə - 10-15 faiz arı ailəsi (çıxdaş edilmək üçün) aiddir.
İstehsalat prosesi zamanı əvvəlcədən damazlıq nüvəsinə ayrılan ailələr bu qrupa aid olan müəyyən olunmuş tələblərə cavab verməzsə, onlar digər qrupa çevrilir və ya çıxdaş olunur.
Birinci qrupa aid olan ailələrdən öz təsərrüfatlarında yeni ailə və beçələrin yaradılması və ya arı paketlərinin digər arıxanalara satılması, yaxud əvəz edilməsi, həmçinin anaların çıxarılması üçün istifadə edilir, ikinci qrupa aid olan ailələrdən (işləyən) bal və digər məhsulun istehsalı, həmçinin kənd təsərrüfatı entomofil bitkilərinin tozlanması üçün istifadə edilir, üçüncü qrupa aid olan ailələr (məhsuldarlığı olmayan) isə çıxdaş olunaraq birinci və ya ikinci qrupdan yaranan ailələrlə əvəz edilir.
Eyni növ cinslərin cütləşməsinin qarşısını almaq məqsədi ilə damazlıq nüvəsində 2-3 ayrı cinsdən olan ailələr saxlanılır. Bunun üçün hər 3-4 ildən bir damazlıq nüvəsini 5-10 gəlmə ailə, beçə, arı paketləri ilə artırır, həmçinin ən məhsuldar arıxana və ya arı sürfəsi olan yerdən götürülən arı anaları ilə artırır, arı sürfəsi olan yerləri yaşayış yerindən 25-30 kilometr aralı məsafədə yerləşdirir və orada təmiz cinsi arılar saxlayırlar. Bu cür arıxanalara arıçılar öz damazlıq arı analarını satır və ya analarla əvəz edirlər. 12-15 kilometr radiusunda yerləşən qonşu təsərrüfatın arıxanalarında da kütləvi üsulla seleksiya işini aparmaq lazımdır.
Arı ailələrinin təsərrüfat-faydalı xüsusiyyətlərini müəyyən etmək üçün onlara optimal şərait yaradıldıqda, həmçinin arı ailələri yem və bal yığımı mənbələri ilə təmin edildikdə kütləvi seleksiya uğurlu alınar.
Fərdi seleksiya ananın irsi yoxlanması yolu ilə aparılır. Bu üsulla müəyyən arı cinsləri ilə seleksion-damazlıq işləri aparılır. İlk növbədə, rekordçu ailələr müəyyən olunur, onlar arıxanada nə qədər çox olsa, bir o qədər də əmin olmaq olar ki, rekordçu ailələrin arasında yaxşılaşdırıcı ailə var. Rekordçu ailələrdən olan ən məhsuldar ailələrin arı və analarını fenotipə - bu cinsə uyğunluğuna görə qiymətləndirirlər (ağız sorucu aparatının uzunluğu, üçüncü tergitin eni, kubital indeks, xitin qabığının rəngi, əsasən də üç qarın halqasına görə). Eyni zamanda ananın mənşəyi də nəzərə alınmalıdır.
Seçilmiş ailələrin ümumi sayından 3-6 rekordçu ailə seçilir. Onların hər birində 30-75 ana qızı yetişdirilir. Nə qədər çox ana çıxarılsa, bir o qədər də qiymətləndirmə dəqiq olacaq. Mayalanmamış ananı digər arıxanalardan ayrı yerdə cütləşdirir (6-7 kilometr məsafədə), 5-10 ailədə isə erkək arılar yetişdirirlər.
Ana ailədə qruplarla yerləşdirildikdən sonra ikinci ildə nəzarət qrupu ilə adi analar arasında məhsuldarlığa görə müqayisə aparılır və yaxşılaşdırıcı ana müəyyən olunur. Onların arasında 2-3 cinsin banisi ola bilər.
Fərdi seleksiya arı ailəsinin bal məhsuldarlığının artırılması məqsədi ilə aparılır. Bunun üçün elə ailələr seçirlər ki, onların arıları nəinki çoxlu nektar yığsın, həmçinin irsi ana qızlar, ana qızlar isə ana qız nəvələrinə ötürə bilsin. Ailənin bal yığımı daha çox ailədə olan arıların sayından asılıdır, bu isə öz növbəsində ananın yumurtalamasından asılıdır.