6.8.2. Qabaqtəpə populyasiyası
Qabaqtəpə arıları yerli iqlim şəraitinin təsiri nəticəsində yaranmışdır. Bu arı populyasiyası Daşkəsən rayonunun Qabaqtəpə kəndində yarandığı üçün ona Qabaqtəpə arısı deyilir. Bura dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Tarixi məlumatlara görə burada arıçılıqla ta qədimdən məşğul olmuşlar. Qabaqtəpə arıları açıq-boz rəngdədir, qarın nahiyəsində sarı halqaları yoxdur. Bədəni boz tüklərlə örtülü olur. Qarın nahiyəsi yan və aşağıdan gümüşü rəngə çalır. Ananın qarnı tutqun-qəhvəyi rəngdə olur. Qabaqtəpə arıları uzun xortumlu olur. Xortumu 6,9 millimetrdir. Bu, həmin arıların üstün cəhətlərindəndir. Bu, arıların şirə vəziləri çiçəyin dərinliyində olan bitkilərdən nektar toplamasını təmin edir.
Qabaqtəpə arıları başqa Qafqaz arıları kimi sancmağa meylli deyil. Arıçılar hətta üz toru taxmadan işləyirlər. Beçəverməyə çox meylli deyil və yazda sürətlə inkişaf edir. Ana arı sutkada 2000-dək yumurta qoya bilir. Arıçılıqda az beçə verən arı cinsləri və populyasiyaları yüksək qiymətləndirilir. Qabaqtəpə arıları məhsuldar populyasiyadır. Onlar yüksək yem axtarma və yemtoplama qabiliyyətinə malikdir.
Vaxtilə Qabaqtəpə Damazlıq Arıçılıq təşkilatı fəaliyyət göstərmişdir. Arı ailələri və ana arı keçmiş Sovet İttifaqının müxtəlif guşələrinə göndərilirdi. Qabaqtəpə arıları Daşkəsən, Gədəbəy rayonları, Şahdağ və vaxtilə Murovdağ yamacları, Qabaqtəpədən Şamxorçayın yuxarı vadisinədək yayılmışdır.
6.8.3. Qonaqkənd populyasiyası
Bu populyasiya Kiçik Qafqaz və Böyük Qafqaz dağlarının Azərbaycana aid ərazilərində yayılmışdır. Bozdağ Qafqaz arı cinsinin bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Azərbaycanın şimal və şimal-qərb rayonlarında yayılmışdır. (Arıçılıq ədəbiyyatlarında, əsasən, şahdağ populyasiyası kimi təqdim olunur. Ancaq vəsaitin hazırlanmasında “Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” əsas götürülür.) Bu populyasiya mühitə tam uyğunlaşmışdır. Yaxşı şərait (yüksək keyfiyyətli yem, geniş yuva, qüvvəli ailə, qışlamada normal temperatur, nəmlik və s.) yaratdıqda hətta sərt iqlimi olan rayonlarda qışlamanı yaxşı keçirir.
6.8.4. Sarı Qafqaz arı cinsi
Sarı Qafqaz arı cinsi Zaqafqaziya respublikalarının aran zonaları və Şimali Qafqazda yayılmışdır (Şəkil 6.11). Mülayim isti iqlimə uyğunlaşmışdır. Bir qədər şimalda qışlamanı pis keçirir. Başqa cinslərdən çox beçəverməsi, oğurluğa hərisliyi və sancmaya az meylli olması ilə fərqlənir. Balının möhürü tünddür. (“nəm”) Ana arının yumurta qoyma qabiliyyəti nisbətən zəif, Bozdağ Qafqaz arılarına nisbətən çoxdur.
Sarı Qafqaz arısının Azərbaycanda üç populyasiyası yayılmışdır: Azərbaycan, Lənkəran və Naxçıvan (Sarı İran arısı) populyasiyaları.