6.8. Respublikamızda yayılan arı cinsləri və onların təsərrüfat əhəmiyyəti
Azərbaycan ərazisində arıçılığın qədim tarixə malik olmasını artıq bilirik. Belə ki, hələ e.ə. VIII-IX əsrlərdə Zaqafqaziyadakı Urartu dövləti zamanı arıçılıq fəaliyyəti ilə məşğul olmuşlar. XXII əsrlərdə Azərbaycanda arıçılıq inkişaf etmişdir.
Hasil edilən arıçılıq məhsulları (bal və mum) başqa ölkələrə ixrac edilirdi. Ölkəmizdə arıçılığın tarixinin qədimliyi bir də onunla izah olunur ki, Respublikamızın ərazisində çoxlu yaşayış məntəqəsi və yerlər arı və onun məhsulunun adı ilə adlanır. Belə yerlərdən Balakən rayonu, Arısu çayı (Şahdağ zirvəsindən axıb gəlir), onun sahilindəki Arısu kəndi, Arıtəpə (Gədəbəy), Ballıqaya (Ağdərə), Ballıca (Xankəndi yaxınlığında), Arıqıran, Arıqayası və s. göstərmək olar.
Bu göstərir ki, 2500-3000 il arıçılıq tarixi olan bir ölkənin hökmən arı cinsləri və populyasiyaları olmalıdır, daha doğrusu, vardır.
Azərbaycan Respublikasında yerli bal arısı genefondunu Bozdağ Qafqaz arı cinsinin Qabaqtəpə və Qonaqkənd arı populyasiyaları, Sarı Qafqaz arı cinsinin Azərbaycan, Sarı İran arısı. Arıçılıq ədəbiyyatlarındakı məlumatlardan aydın olur ki, Lənkəran və Naxçıvan populyasiyaları Sarı İran arısının İranla həmsərhəd bölgələrində yayılmışdır. Deməli, Sarı İran arısı populyasiyadan daha çox cins xüsusiyyətlərini daşıyır.
6.8.1. Bozdağ Qafqaz arı cinsi
Təbii yayılma sahəsi Qafqazın dağ və dağətəyi rayonlarıdır. Bu cinsdən olan arıların başlıca xüsusiyyəti yeni bal toplama mənbələrini tezliklə axtarıb tapması və bir növ bitkidən başqa balverən bitkiyə tezliklə keçməsidir. Balı əvvəlcə yuvanın bala olan hissəsi, sonra isə gövdə üstlüyünə toplayır.
İşçi arıların səciyyəvi cəhəti ondan ibarətdir ki, ana yumurtaqoymanı məhdudlaşdırır və arılar tam gücü ilə bal toplamağa cəlb olunur. Hətta bitkilərin az nektar ayırdıqları dövrdə belə, xeyli bal ehtiyatları toplaya bilir. Nisbətən zəif və dəyişkən balverən sahədən başqa cins arılara nisbətən daha çox bal toplayır. Bu arılar paxlalı bitkilərdən Orta Rusiya arılarına nisbətən çox məhsul toplayır.
Bozdağ Qafqaz arıları paxlalı bitkilər, o cümlədən yoncanı başqa arı cinslərindən yaxşı tozlayır. Ailənin intensiv inkişafı dövründə ana gündə 1500 yumurta qoyur, beçəverməyə az meyllidir. Beçəvermə qızğınlığından işləməyə tez asanlıqla keçir. Qışa davamlılığı Orta Rusiya arılarına nisbətən zəifdir.
Bozdağ Qafqaz arıları qış yemində gəzəngi balının olmasına çox həssasdır və nozematoz, Avropa çürüməsi xəstəliklərinə tez tutulur. Lakin yaxşı şərait (yüksək, keyfiyyətli yem, geniş yuva, qüvvəli ailə, qışlamada normal temperatur, nəmlik və s.) yaratdıqda hətta sərt iqlimli rayonlarda qışlamanı yaxşı keçirir. Bozdağ Qafqaz arıları olduqca sakit, oğurluğa çox həris və yuvanı oğru arılardan yaxşı qoruyandır.
Qafqazda yayılmış bal arıları onun təbiəti kimi müxtəlifdir. Bozdağ Qafqaz arıları (Meqrel, abxaz - kartalin bu populyasiyalar Azərbaycanda yoxdur) Qabaqtəpə və Qonaqkənd populyasiyalarına bölünür.