Bədəninin rəngi açıq sarı, demək olar ki, qırmızı halqalarla rənglidir. Ana arı yumurtanı, əsasən şanın aşağı hissəsində qoyur. Sarı Qafqaz arıları yalnız yumşaq, isti bir iqlim şəraitinə uyğunlaşmışdır, qış dövrünə az davamlıdır. Bu cinsin digər cinslərdən fərqli xüsusiyyətləri var, bu, beçəyə meylli olmaları, 10 dəfəyə qədər beçə verməsi və 100 ədədə qədər ana arı üsküyü yerləşdirə bilməsidir. Onlarda tez-tez sakit ana arı dəyişmək halları olur. Sarı Qafqaz arıları dinc, sülhsevəndir, çərçivələrə baxarkən onu tərk etmir, ana arı işini dayandırmır.
Çərçivələr güclü bərəmumla örtülür, balın möhürlənməsi qara "nəm"-dir. Arılar oğurluğa meyllidir və digər ailələrə hücum edə bilir. Pətəyi zəif qoruyur.
6.6. Krain (karnika) cinsi
Kraina arıları Cənub-Şərq Alp dağlarında (Yuqoslaviya, Avstriya) geniş yayılmışdır, burada təbii şəraitdə yaşayır. Cinsin adı Kraina bölgəsi (Yuqoslaviyanın ərazisi) ilə əlaqələndirilmişdir. Hal-hazırda, bu cins Qərbi Avropada ən çox yayılmışdır, burada yetişdirilən arı cinslərinin əsas hissəsini təşkil edir. İtalyan və Qafqaz arı cinslərindən sonra Karnika yayılmaqda üçüncü yeri tutur. Son 150 il ərzində Karnika arılarının reklamı zəif də olsa buna təsir göstərməmişdir. Yuqoslaviyanın Krain bölgəsindən olan Krain cinsi bəzi əlamətlərinə görə Karpat cinsinə oxşayır.
Xortumunun uzunluğu 6.4-6.8, üçüncü tergitin eni 4.9 millimetr, bir günlük işçi arıların kütləsi 110, mayalanmamış ana arının bədəninin çəkisi 185, mayalanmış ana arının isə 205 milliqramdır. Ailənin yaz inkişafı zamanı ana arı bir gündə 1400-2000 ədəd yumurta qoyur (Şəkil 6.9).
Mehriban və sülhsevən, məhsuldar, qışa dözümlüdür, erkən meşə balverən bitkilərindən yaxşı istifadə edir. Yüksək beçəvermə qabiliyyəti və yuvada balın zəif müdafiəsi bu cinsin çatışmayan cəhətidir. Bu səbəbdən də Qafqaz arıları və onların yerli mələzləri olan arılar olduğu yerlərdə Krain arılarını saxlamaq məsləhət olunmur.