Ananın sürfəsini arılar analığı möhürlənməmişdən beş gün əvvəl südlə yemləməlidir. Ana analıqdan, adətən 16-cı gündə çıxır (yumurta qoyduğu vaxtdan hesablanaraq).
Erkək arının inkişafı 24 gün davam edir. Onun sürfəsini də arılar ilk üç gün ərzində süd, dördüncü gündən isə güləm və bal qarışığı ilə yemləyir. Erkək arılarda erkək cinsiyyət hüceyrələri hələ sürfə mərhələsində olarkən formalaşır və yetişir.
Pis şərait, əsasən də aşağı temperaturda fərdlərin inkişafı 2-3 gün yubanır, yüksək temperaturda isə fərdlərin yetişdirilməsi 1-1,5 gün tez olur.
Arı ailəsinin fərdlərinin inkişafı prosesinin müddəti cədvəl 4.1-də göstərilib.
Ana, işçi və erkək arıların inkişaf mərhələsinin müddəti:
İnkişaf mərhələsi | Ana arı | İşçi arı | Erkək arı |
Yumurtada rüşeymin inkişafı Möhürlənməmiş sürfə Möhürlənmiş sürfə (barama ipliyi, baramadan əvvəl, barama) |
3 5 8 |
3 6 12 |
3 7 14 |
Cəmi | 16 | 21 | 24 |
Cədvəl 4.1. Arı ailəsinin fərdlərinin inkişaf prosesi
Analıqdan çıxdıqdan 2-3 gün sonra yaxşı havada ana pətəkdən bələdləmə uçuşu üçün, 7-8 gündən sonra isə cütləşmək məqsədi ilə çıxır.
Ana cütləşməyə kölgədə temperatur 25°C-dən yuxarı olduqda çıxır. Davamlı soyuq havada ananın pətəkdən çıxması 7-10 gün, bəzən daha çox uzana bilər. Anaların əksəriyyəti 15 günlük yaşda artıq mayalanmış olur. Erkək arılardan 1,5-2 saatdan sonra analar cütləşməyə çıxır və eyni vaxtdan da tez uçuşu bitirir.
Ana 7-8 və daha çox erkək arılarla cütləşir. Ana cütləşməyə 2-3 dəfə çıxır. Əgər ana yaxınlıqda erkək arılara rast gəlməzsə, o, 10-12 kilometrə kimi uça bilər. Belə olduğu halda anaların əksəriyyəti itir.
Cütləşmə 10-12 metr hündürlükdə həyata keçirilir. Yuvada 32°C-dən aşağı olmayaraq, yəni 34-35°C olarsa, ana sonuncu cütləşmədən 2-3 saat sonra yumurta qoymağa başlayır.
Payızda cütləşmiş bəzi analar yumurtalamağa yazda başlayır.
Analar beş ilə kimi yaşaya bilər. Ana yalnız ilk iki il ərzində sürətli yumurta qoya bilər. Ona görə də onları iki ildən artıq saxlamırlar.
4.10. Arıların sinir sistemi və hissetmə orqanları
Sinir sisteminin olmasının hesabına hissetmə orqanlarının köməyi ilə arılar ətrafdakı mürəkkəb və davamsız şəraitə yaxşı uyğunlaşır və baş verən dəyişikliklərə uyğun olaraq reaksiya verir.
Arıların sinir sistemi üç şöbədən ibarətdir: mərkəzi, periferiya (sinirlərin üst qismi) və vegetativ (Şəkil 4.26). Mərkəzi sinir sisteminə iri udlaqüstü düyün (yaxşı heyvanların beyninə uyğundur), udlaqaltı düyün və qarın sinir zənciri aiddir.