Ana və işçi arının qarıncığı altı, erkək arınınkı isə yeddi buğumdan ibarətdir. Qarıncıqda həzm, cinsiyyət, qan dövranı, tənəffüs və ifrazat orqanları var (Şəkil 4.18). Qarıncığın üst (alt) hissəsində yalnız işçi arılarda mum vəzləri olur.
Döş və qarıncıq hissələrinin ətrafında kiçik
yarıqlar - nəfəs dəlikləri olur.
Qarıncığın axır buğumunda sancma tikanı var. Sancma
tikanı arıların qorunma orqanıdır. İşçi arı insan və ya
heyvanı sancdıqdan sonra ölür.
4.5. Arıların yem və həzm orqanları
Arıların təbii yemi nektar, bal və çiçək tozu hesab olunur. Nektar - karbohidrat (Şəkil 4.19), yəni meyvə, üzüm və qamış şəkəri məhluludur. Əgər məhlulda nəmlik 93 faizdən çoxdursa, arılar onu götürmür.
Yığımsız vaxtda təbiətdə nektar olmayanda arılar bəzən bəzi bitkilərin şirin ayırmaları, həmçinin meyvə, qarpız, üzüm şirələrindən istifadə edir. Arılar bütün bu məhsulları nektar kimi bala çevirir.
Çiçək balı arılar üçün yaxşı yemdir. Qışlama zamanı çiçək tərkibi olmayan ballar istifadə üçün yararsızdır.
Zülallar, vitaminlər, yağlar, karbohidrat, mineral maddələr, mikroelement mənbələri, əsasən entomofil bitkilərdən olan çiçək tozu hesab olunur. Arılar sayrım halında olan çiçək tozundan sürfənin yemlənməsi üçün istifadə edir və şanların qovuqcuqlarında ehtiyatda saxlayır. Çiçək tozuna bir az bal əlavə edir və yemi başları ilə döyəcləyir.