Qarıncığın hər buğumlarının divarı iki yarım üzükdən ibarətdir - daha böyük olan tergit adlanır və kiçik ölçülü qarıncıq buğumu sternit adlanır.
İşçi arıların 4, 5, 6 və 7-ci sternitlərinin hər biri üzərində bir cüt mum ifraz edən vəzlər yerləşir (Şəkil 4.15). Hər bir sternitin iki hamar (sağ-sol) tərəfindən mum kimi nazik parlaq oval hissələr bayıra çıxaraq pulcuq şəklində bərkiyir. Sternitin bu hissəsi aynacıq adlanır. Mum vəzləri işçi arıların 12-18 günündə işə başlayır. Arının yaşı artdıqca mum vəzləri yox olur. Bundan əlavə, yeddinci qarıncıq buğumunun daxili səthində qoxu ifraz edən vəzlər yerləşir.
Döş və qarıncıq hissələrinin ətrafında kiçik yarıqlar - nəfəs dəlikləri (stiqmalar) olur.
Ana və işçi arılarda qarıncığın axırıncı buğumunda iynə yerləşir. İynə arıların qorunma orqanıdır. İşçi arı insan və ya heyvanı sancdıqdan sonra ölür.
İynə üç hissədən ibarətdir. Üst hissə stilet, iki alt hissə isə lanset adlanır. Bunların arasında zəhər kanalları var. İynənin iki tərəfində 9-10 ədəd mişar dişinə bənzər çıxıntı vardır (Şəkil 4.16). Bunun nəticəsidir ki, işçi arı sancandan sonra iynə zəhər kisəsi ilə birgə sancılan yerdə qalır və işçi arı 1-1.5 saat içində ölür.
Ana arının iynəsi işçi arının iynəsindən bir qədər fərqlidir (Şəkil 4.17). Ana arı iynəsini sancdığı yerdən geri çəkə bilər. Ana arı iynəsindən yalnız digər (rəqib) ana arılarla mübarizə zamanı istifadə edir. Nadir hallarda insanı sanca bilər. Erkəklərdə iynə yoxdur.