Erkək arının yumurtadan çıxmasından tam inkişafına qədər olan dövr 24 gün çəkir. Erkək arı ana ilə cütləşən zaman onun tənasül aparatı və daxili orqanlarının bir hissəsi qırılıb ana arının tənasül orqanında qaldığı üçün erkək arı cütləşəndən 3-4 saat sonra ölür. Bu prosesdən sonra onun toxumu ana arının toxumqəbuledici kisəsinə tökülür. Bu, bir neçə milyon spermatozoiddən ibarət olur.
4.3. İşçi arılar
İşçi arılar tam inkişaf etməyən cinsi orqanları olan dişi arılardır. Ölçülərinə görə onlar ana və erkək arılardan kiçik olur (Şəkil 4.3). İşçi arılar ailənin həyat fəaliyyətini təmin etməsi ilə bağlı olan müxtəlif işlər görür. Arılarda mum vəzləri, həmçinin sürfələr və anaları yemləmək üçün ana südü ayıran vəzlər var.
İşçi arılar qovuqcuqdan çıxdıqdan 3 günədək yuvanı təmizləyir və qovuqcuğu ağzının suyu ilə şirələyir, 3 günlükdən 7 günədək yuvanın nəmliyi və rütubətin nizamlanmasında iştirak edir (Şəkil 4.4). Eyni zamanda 3-13 günlüyündə mum ifrazatı vəzləri fəaliyyətə başlayır. Belə arıların əsas işi şan hörməkdir. Ömrünün 12-22-ci günlərində arı sürfələrini qidalandırır və nektarı bala çevirir. Bundan sonra artıq onlar yaşlı-uçan arılar hesab olunur. İşçi arılar bitkilərin çiçəklərindən nektar və çiçək tozu yığır ki, bu da arıların yemi hesab olur. Arı ailəsinin həyatını təmin etmək üçün bu yemdən istifadə olunur, yəni arılar çiçəklərin bəxş elədiyi məhsulların hesabına yaşayır. Məşhur ifadəni nəzərə alsaq, onda şərti olaraq demək olar ki, arılar çiçəklərdən qurulub.
Şəkil 4.4. Bir arının həyat mərhələləri