Məlumdur ki, əsas yığım zamanı balın bir çox hissəsini arısı çox və açıq sürfəsi az olan ailələr verir. Bal yığımı iki həftədən az olarsa, o zaman yuvada açıq sürfənin çox olması arıların az miqdarda bal toplamasına gətirib çıxarır. Bu da onunla izah olunur ki, bal mövsümündə sürfələri bəsləməklə məşğul olan arıların sayı çox olduqda nektar toplamaq üçün gedən işçi arıların sayı azalır. Qısamüddətli balyığımı zamanı arıçı gərək ana arının yerləşdiyi yeri məhdudlaşdırsın ki, ana arı yumurta qoymasını azaltsın. Bu zaman yuva daxilində sürfələrin sayı azalanda arılar artım bəsləmə və digər işlərlə məşğul olmur. Bu zaman təbiətdə işləyən arıların sayı artır və işçi arılar nektar yığımı ilə məşğul olur. Bu baxımdan, bal yığımı mövsümünün başlandığı ərəfədə ailədə möhürlü şanların olması yaxşıdır. Belə möhürlü şanlardan zaman-zaman çıxan arılar nektar toplamağa başlayacaq və beləliklə, arıçı bal mövsümündən səmərəli istifadə etmiş olacaq.
Güclü ailələrdə sürfələrin yetişdirilməsi üçün yem, temperatur və istilik rejimi üçün əlverişli şərait yaradılır (Şəkil 3.3). Bu cür ailələrdə gənc arılar orta və zəif ailələrdə bəslənən arılardan daha böyük olur, onların sorucu ağız aparatı və bal çinədanı daha uzun olur. Güclü ailələrdə bəslənən arılar çoxlu nektar və çiçək tozu ala bilər. Onlar yayda daha çox yaşayır və bal yığımı zamanı nisbətən yaxşı işləyir. Digər cücü tozlayıcıları az olan vaxtı belə güclü arı ailələrinin zəif ailələrə nisbətən üstün cəhətləri olur.
Bu cür ailələr əsl çəki ölçüsünə görə çox az saxlanılan baldan istifadə edir, onların saxlanılmasına sərf olunan vəsait orta, xüsusilə zəif ailələrin saxlanılmasına xərclənən vəsaitdən az olur.
Adətən zəif ailələr nəinki gəlir gətirmir, hətta onların köməyə ehtiyacı olur, çünki zəif ailələr özlərini qışa yemlə təmin edə bilmir. Yemləyici arıların az hissəsindən sonra gələn zəif ailələrdə sürfələrin yetişdirilməsi məhdudlaşır və belə ailələrin gücü çox az artır.
Zəif ailələrdə arılar pis qidalanır və sürfələri yaxşı yemləyə bilmir. Pis yemləmə zamanı zəif ailələr xəstələnir və sürfələr zədələnir. Buna görə zəif ailələrin məhsuldarlığı azdır.
3.2. Arı cinslərinin xüsusiyyətləri
Əsas bal yığımı mövsümünə hazırlaşarkən arıların müxtəlif cinslərinin (irqlərinin) bioloji xüsusiyyətləri və mövsümün müddəti nəzərə alınmalıdır. İlk növbədə, bu cinslərin bal yığımının əvvəlinə olan reaksiyasına aiddir. İtaliya və digər cinslərin ana arıları az yığımın olmasına sürətli yumurta qoymaqla reaksiya verir, həmçinin bu proses əsas yığım dövrü ilə üst-üstə düşür. Nəticədə, lazımsız sürfənin yemlənməsinə çoxlu yem sərf olunur. Ancaq, Bozdağ Qafqaz arı cinsinin ana arıları yumurtlamağı məhdudlaşdırır. Buna görə də, bu cinsdən istifadə edərkən yumurta qoyulmasını məhdudlaşdıran xüsusi üsullara müraciət edilməməlidir.