26.2. Yığımın növləri
Əsas yığım müxtəlif cür olur və bəzən bir gündən bir pətəklərdə 1-2 kiloqram bal artır, elə də olur ki, yığım şiddətli olur və nəzarət pətəyi gün ərzində çəkidə 8-10 kiloqram və daha da çox artır. Əsas yığımın vaxtı da fərqli olur: bir yerdə bir ay-bir ay yarım davam edir, başqa yerlərdə isə 10 gündən çox olmur. Əsas yığımın başlanması vaxtı da fərqli olur: bəzi yerlərdə yazın ortası, bəzi yerlərdə yazın sonu, yayın əvvəli olur. Bəzi bölgələrdə əsas yığıma kimi məhsuldar bal yığımı vaxtı ola bilər, digər yerlərdə isə bal yığımına kimi yalnız saxlayıcı yığımlar olur.
Arıların qışlamadan sonra əsas yığıma kimi müddəti də fərqli olur: bəzi şəraitdə bu müddət qısa olur, cəmi 40-50, digər hallarda isə bu müddət 80-90 gün və daha çox olur. Hər ərazinin ildən-ilə tədricən təkrarlanan şərait toplumu olur. Yerli bal yığımı şəraitinin toplumu “yığım növü” adlanır.
Azərbaycanın hər bir bölgəsi özünün spesifik məhsuldar yığım növləri ilə seçilir. Hər bir arıçı yaşadığı regionun nektarlı bitkilərinin coğrafiyasını bilməli, həmin ərazidə arıçılığın inkişaf perspektivlərini öyrənməlidir. Çünki təbiətimiz dağ, dağətəyi və arandan ibarətdir. Onların hər birində məhsuldar yığım ayrı-ayrı vaxtlarda başlayır (ardı var).
Günəbaxan çiçəkləməmişdən əvvəl bu cür şəraitdə bağçalar, yabanı bitkilər, ot çalınları və digər əkinlərdən yalnız saxlayıcı, bəzən isə məhsuldar yığım almaq mümkündür.
Yerli şəraitin xüsusiyyətləri müəyyən dərəcədə arıçılıq texnikasına təsir edir, həmçinin də əsas yığıma kimi arıların hazırlıq üsulları və onların istifadə edilməsinin təşkilini müəyyənləşdirir. Bal yığımının istifadəsi üçün müəyyən ərazidə vacib amillərdən biri arıların qışlamadan çıxmasından əsas bal yığımının başlanğıcına kimi olan müddətdir. Müxtəlif yığım növləri zamanı bu müddət fərqli olur, bu isə güclü ailələrin yetişdirilməsi, onların işlək vəziyyətdə saxlanılması üsullarında fərqləri üzə çıxarır.
Yuxarıda göstərilənlər yalnız ən çox yayılan bal yığımı növləridir. Hər bir arıçı öz ərazisinin yığım xüsusiyyətlərini diqqətlə öyrənməli və onlara uyğun olaraq öz işini qurmalıdır. Mövcud olan yem bazasından düzgün istifadə edərək, həmçinin onun xüsusiyyətlərini nəzərə alaraq arıçılar bununla yanaşı, təkmilləşdirmə işlərinin təşkilatçıları olmalıdır.