26. Bal yığımı və onun xüsusiyyətləri
Bitkilərin çiçəklərindən arıların nektar toplamasını arıçılar bal yığımı və ya yığım adlandırırlar. Onun gücü pətəklərə balın hansı sürətlə yığılmasından asılıdır. Arıçılıq təsərrüfatını düzgün təşkil etmək üçün müəyyən ərazidə hansı gücdə, nə vaxt və hansı mövsümdə yığım olduğunu nəzərə almaq çox vacibdir. Bu cür məlumatlar arıları vaxtı-vaxtında bal yığımına hazırlamaq və köçürməni düzgün təşkil etmək, həmçinin arıçılığın yem bazasını əvvəlcədən müəyyənləşdirərək təkmilləşdirmək üçün lazımdır. Bu səbəbdən də arıçı ildən-ilə nektarlı bitkilərin çiçəklənmə dövrü, həmçinin öz ərazisinin yığım gücü və davamlılığını yaxşı bilməlidir.
Müxtəlif yem bazasının vəziyyətini müəyyənləşdirən yerli şəraitdən asılı olaraq müəyyən ərazidə olan arılar üçün həmin yerin yığımından yaxşı istifadə etmək məqsədi ilə arıçı arılara lazımi qulluq və saxlama üsullarından istifadə etməlidir.
Hər hansı bir ərazinin yığımından yaxşı istifadə etmək məqsədi ilə arıxanalarda yaz-yay vaxtı arıların saxlanılması üçün tətbiq olunan kompleks tədbirlər arıçılıq üsulu adlanır.
Müxtəlif yerlərdə arıların saxlanılma şəraiti fərqli olduğundan arıçılar işlədiyi şəraitə cavab verən müxtəlif arıçılıq üsulları hazırlayıblar. Yaxşı bilməlisiniz ki, müəyyən ərazinin arıxanasında yaxşı nəticələr verən hər bir üsul digər ərazinin arıxanaları üçün yararsız ola bilər, çünki onların yığım xüsusiyyətləri, şanla təmin olunmaları və digər şəraitləri müəyyən dərəcədə fərqli olur.
Hansı balverən bitkinin nə vaxt çiçəkləyəcəyini dəqiq müəyyən etmək üçün nektarlı bitkilərin çiçəklənmə təqvimi və nəzarət pətəyinin göstəricilərini bilmək lazımdır.
26.1. Nektarlı bitkilərin çiçəklənmə təqvimi və nəzarət pətəyinin göstəriciləri
Bal yığımı şəraitinin öyrənilməsi üçün arıçı sistematik olaraq nektarlı bitkilərin inkişafına nəzarət etməli, həmçinin onların çiçəklənmə vaxtının əvvəli və sonunu nəzərə almalıdır. İllər boyu aparılan müşahidələr və qeydlərə əsaslanaraq cari ildə hər hansı bir nektarlı bitkinin çiçəklənmə dövrünü əvvəlcədən müəyyən etmək olar.
Hər bir bitkinin çiçəklənməsinin başlanması hər il eyni olmur. Mövcud olan temperatur şəraitindən asılı olaraq çiçəkləmənin başlanması gec və ya tez ola bilər. Bəzi çatışmazlıqlara baxmayaraq, ayrı-ayrı bitkilərin çiçəklənmə dövrünün arasında olan ara müddəti nisbətən sabit olur.
Beləliklə, erkən balverən bitkilərin çiçəklənmə dövrünə görə təxminən gec çiçək açan bitkilərin çiçəklənmə vaxtı və yığımın başlanmasını əvvəlcədən müəyyən etmək olar. Bu cür proqnozları düzgün etmək üçün, ilk növbədə öz ərazinizin balverən bitkilərinin çiçəklənmə təqvimini tərtib etmək lazımdır, yəni bir neçə illərin müşahidəsi, qeydlərinə əsasən balverən bitkilərin orta çiçəklənmə müddətini müəyyən etmək və bir balverən bitkinin digərindən neçə gün sonra çiçək açdığını dəqiqləşdirmək lazımdır.
Bitkilərin inkişafına dair bütün qeydləri arıçının gündəliyində qeyd etmək lazımdır, orada hər bir nektarlı bitkinin çiçəklənmə vaxtının əvvəli və sonunu yazmaq lazımdır. Bir neçə il ərzində bu cür qeydləri apararaq hər bir nektarlı bitkinin orta çiçəklənmə müddətini müəyyən etmək olar.
Nəzarət pətəyinin köməyi ilə müəyyən nektarlı bitkinin çiçəklənməsinin başlanması ilə yığımın hansı növünün olduğunu nəzərə almaq olar.