25. Yem bazası və entomofil bitkilərin tozlanması
Nektarlı və çiçək tozu gətirən bütün bitkilər arıçılığın yem bazasını təşkil edir. Arıçılığın inkişaf və məhsuldarlığı ən çox nektarlı və çiçək tozu gətirən bitkilərin olması, onların növünün tərkibindən asılıdır.
Azərbaycanın florası olduqca zəngindir. Burada 4000 növdən artıq bitki bitir ki, bunların da 15-17 faizi (pambıq, yem bitkiləri, meyvə bağları, bostan-tərəvəz və başqa kənd təsərrüfatı bitkilərindən əlavə) bal və çiçək tozu verən bitkilərdir.
Respublikamızda balverən bitkilərin zənginliyi arıçılığı intensiv inkişaf etdirməyə imkan verir. Bunun üçün mövcud yem bazasından səmərəli istifadə etmək lazımdır.
Azərbaycan ərazisinin 12 faizi meşələrlə örtülüdür. Bu meşəliklər dağların yamacları, çayların sahilləri və onların aşağı hissələrində yerləşir. Həmin meşələrdə yaxşı balverən ağaclardan cökə, cır xurma, fısdıq və s. bitir. Yabanı meyvə bitkilərindən alma, armud, alça, fındıq, şabalıd, zoğal, əzgil, qaragilə və s. vardır.
Arıların çiçəklərə qonması intensivliyi onların ifraz etdiyi nektarın kimyəvi tərkibindən asılıdır. Əgər nektarın tərkibində qlükoza, fruktoza və saxaroza eyni miqdardadırsa, arılar bu çiçəklərdə həvəslə işləyir. Belə bitkilərə, əsasən doqquzdon, qlediçiya, acı biyan, yonca, cökə, ağlarot, göyək, poruq, sürvə, qanqal, qantəpər, faseliya və s. daxildir.
Nektarda qlükoza və fruktoza çox, saxaroza isə az olarsa, arılar bu bitkilərdə daha həvəslə işləyir. Belə bitkilərə çin filbaharı, Qafqaz skabiozası, günəbaxan, böyürtkən və adi şirquyruğu daxildir. Balverən bitki mənbələri 2 zonaya ayrılır: 1) dağ və dağətəyi; 2) aran zonası. Dağ zonasında əsas yem mənbəyini balverən yabanı bitkilər, aran zonasında isə balverən mədəni bitkilər təşkil edir. Hazırda arıçılıq respublikamızın dağlıq rayonlarında yaxşı, aran rayonlarında isə zəif inkişaf etmişdir.
Tarla olan növbəli əkin yerlərində yetişdirilən və bağçalar, meşələr, çəmənlər, xüsusi yetişdirilən ballıqlar və digər təbii yerlərdə olan bir çox bitkilər nektar ayırır. Ot bitkiləri - xaşa, xardal, kolluqlar - iydə, sarı akasiya, çaytikanı, ağaclar - ağ akasiya, cökə, bədmüşk, albalı, ərik, gavalı, armud ağacları nektarlı bitkilər hesab olunur.
Arıları nektar və çiçək tozundan qışlamaya hazırlayır, yayda pis hava şəraitində isə pətəkdən uça bilmədiyi səbəbindən və yığımsız vaxt üçün yem ehtiyatları yığırlar. Arıların hazırladıqları balın qalan hissələrini təsərrüfat məqsədləri üçün ayırırlar. Bal yığımı nə qədər çox olsa, bir o qədər də satış üçün bal yığmaq olar.
Ağ akasiya, cökə ağacı, günəbaxan, xaşa, xəşəmbül, dağ keşnişi kimi nektarlı bitkilərlə kifayət qədər zəngin olan yerlərdən yüksək bal yığımı əldə etmək mümkündür.
Arıçılığın inkişafı üçün çiçək tozu-nektarlı bitkilərin konveyeri yaradılmalı, davamsız yığımın alınmasına istiqamətlənən yem bazasının təkmilləşdirilməsi işləri aparılmalıdır.
Arıçının əsas vəzifəsi bal yığımı və köçürməyə hazırlaşan arı ailələri ilə birlikdə yem bazasından tam istifadə etməkdir.
25.1. Yığım növləri
Yığım növlərini müəyyənləşdirmək üçün nektarlı və çiçək tozu gətirən bitkilərin çiçəklənmə müddətlərini hesablayır, güclü arı ailəsini çəkərək yığımın həcmini müəyyən edirlər.