Bacanı açmamışdan bir gün əvvəl arılar üçün suvat və nəzarət çəkiləri hazırlamaq lazımdır.
Arıların uçuşuna mane olmamaq üçün gələn gün arılarla heç bir iş görülməməlidir. İkinci gün
pətəklərdən möhkəmləndirici materiallar, boş gövdələr (calaqlar), havalandırıcı torlarla olan
çərçivələri çıxardın, yuvaları tavanla örtün və ya üstündən istiləşdirici material qoyun.
Müvəqqəti ayırıcıları çıxartmağa tələsməyin. Arıların sakit uçuşunu təmin etmək vacibdir, arılar
balverən bitkilərlə uçuşa başladıqda isə ayırıcıları çıxardın. Gələcəkdə köçəri arıxanada bal
yığımının şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş işləri görün.
-
Arıxananın köçürülməsinə diqqət edin.
-
Arıxananı köçürməyə hazırlamağın üsullarını öyrənin və bilgilərinizi yoldaşlarınızla bölüşün.
-
Köçürmə üçün hansı ərazilərin yığım baxımından səmərəli və sərfəli olduğunu öyrənin.
-
Arıxananı köçürərkən ərazinin bal yığımı şəraiti ilə tanış olun və bu işdə mütəxəssis rəyindən
faydalanın.
-
Hazırlıq prosesində müxtəlif növ pətəklərdən istifadənin qaydalarını öyrənin.
-
Köç tədarükü görülərkən pətəklərin hazırlanma texnikasına diqqət edin.
-
Pətəklərdə ventilyasiyanın təmin edilmə metodlarını öyrənin və yoldaşlarınızla müzakirə
edin (çünki köçürmənin uğurlu olması pətəklərin hərtərəfli hazırlanmasından asılıdır).
-
Pətəklərin nəqliyyat vasitələrinə yükləməyin qaydalarını hərtərəfli öyrənin və bununla
əlaqədar bir-birinizlə fikir mübadiləsi aparın.
-
Ona görə də bu mövzu ilə əlaqədar verilən bütün bilgiləri yüksək səviyyədə öyrənin və sizə
aydın olmayanları müəlliminizdən soruşun.