İri arıxanada arı ailəsinin köçürməyə hazırlığı çox vaxt tələb edir (əsasən də pətəklər bu köçməyə tam uyğunlaşmadığı halda). Məhz bu səbəbdən çərçivələri vaxtından əvvəl (maşın gələnə kimi) bərkitmək lazımdır, pətəkləri havalandırma ilə təmin etmək lazımdır, yuvadan istiləşdirici materiallar götürülməlidir, qapağın altından arıların çıxması üçün içəridə boş sahə yaratmaq lazımdır, yuvanın hər iki tərəfindən tavanın yarısı çıxarılmalı və ya lövhələr əyilməli, pətəklərin bütün hissələri bərkidilməli, bacalara yaxşı siyirmələr qoyulmalıdır.
Köçürməyə çıxarkən arıçı özü ilə köçəri yığılıb-sökülən budka, tərəzi, arıçılıq avadanlığı, balsüzən, şan, məftillə bağlanılan çərçivələr, üz toru, fənər, su və bal üçün süd bidonları, lazımi xarrat alətləri, tüstü körüyü üçün quru odun (çöllüyə köçərkən), nəzarət ailələrinin üzərində örtük yaratmaq üçün brezent və ya ruberoid, əlavə gövdələr aparmalıdır.
Köçürülən günün axşamı arıların uçuşu qurtardıqdan sonra siyirmələrlə bacaları bağlayın, sonra isə onları maşına yükləməyə başlayın. Havanın temperaturu yüksək olduqda arıların uçuşundan sonra zəif ailələrdən olan arılar pətəyə girmir, ön divarda sıxlaşır. Onlara su çiləməklə pətəyə salın.
Pətəkləri maşının kuzovuna yükləyərkən arxa bortu açın və onu üfüqi istiqamətdə zəncirlə bağlayın ki, arıçı sonuncu sırada pətəkləri yerləşdirərkən yıxılmasın.
Yükləmək üçün 4 nəfər lazımdır, iki nəfər pətəkləri maşına qaldırır, iki nəfər isə maşın kuzovunda olur ki, pətəkləri götürə və orada yerləşdirə bilsin.
Pətəkləri yolun üzərinə elə qoyun ki, çərçivələr düz, bacalar isə arxa tərəfdən bir-birinin üzərinə qoyulsun. Maşının yan tərəfə dönməsi, adətən az olur, çünki pis yolda maşın yavaş gedir. Maşının dayanması və kəskin irəliyə doğru hərəkəti çox təhlükəlidir.
Qapaqsız pətəkləri 2-3 sıraya yükləyərkən alt sıranın hər mərtəbəsinə havanın keçməsi üçün 5-6 santimetr eni olan iki reyka qoyun. Pətəyin yan divarlarının arası, həmçinin pətəklər və kuzov bortunun arasına istiləşdirici material qoymaq lazımdır (yastıqça, həsir).
Qapaqları ayrı yükləyin. Pətəklərlə yüklənən maşını kəndirlə bərk bağlayın. Kəndir pətəklərin hər sırasını uzununa, eninə və yan tərəflərdən üfüqi olaraq əhatə etməlidir.
Sökülüb-yığılan yuvanın qalxanları, avadanlığı, pətək bacalarını ayrı maşına yükləyin. Bəzən sökülüb-yığılan yuvanın qalxanlarından istifadə etmək olar, onlar maşının kuzovunun divarlarına qoyulur və köçəri yuvanın qalxanlarının arasına bərkidilərək arılarla olan pətəklər yüklənir. Bu cür olduğu halda, kəndir zəifləsə və qırılsa, pətəklər düşməyəcək.
Arı ailələri köçürülərkən sürücüyə izah olunmalıdır ki, arxa və irəliyə doğru kəskin hərəkətlər etməsin. Kəndarası yollarla ehtiyatla sürmək lazımdır, asfaltlı yolda isə adi sürətlə. Əvvəlcədən hazırlanmış köçürmə yerinə çatdıqdan sonra dərhal maşında olan əşyaları boşaldın, sürətlə, lakin çox ehtiyatla pətəkləri köçürmənin axırına kimi qalacaq yerlərinə qoyun və bacaları açın. Əgər pətəklər qapaqsız gətirilibsə, onda əvvəlcədən havalandırma torunun üzərinə istiləşdirici material qoymaq və qapaqlarla pətəyi bağlamaq lazımdır, sonra isə bacaları açmaq lazımdır. Bacaların hamısının açıq olub-olmadığını mütləq yoxlayın, sonra isə arıların uçuşunu müşahidə edin. Elə də ola bilər ki, bəzi ailələrdə bacalar ölü arılarla dolu olacaq və ya oradan qara, yaş arılar çıxacaq və yaxud bal süzüləcək. Bu cür ailələrə dərhal baxış keçirmək və lazımi köməklik göstərmək lazımdır.