20. Əsas yaz yoxlanışı
Əsas yaz yoxlanışı arıçıya ailənin vəziyyətini qiymətləndirmək, çatışmazlıqları aradan qaldırmaq üçün hərəkətləri düşünmək və əvvəlcədən müəyyənləşdirməyə imkan verir, həmçinin arı ailəsinin inkişafı, arıların saxlanılması və məhsuldarlığının artırılması üçün nə və necə etmək lazım olduğunun zəruriliyini müəyyən edir. Əsas yaz yoxlanışı - ailənin saxlanılmasını yaxşılaşdırmaq və inkişafını planlaşdırmaq üçün həqiqətən arı ailəsinin vəziyyətinin yoxlanışıdır. Bu, gələcək yay, payız, həmçinin qışa hazırlıq üçün yararlı sayılan dəqiq işdir.
İlk yaz baxışının keçirilməsi arıçıya arı ailəsi haqqında heç bir dəqiq və ətraflı məlumatlar vermir. Bu məlumatları yalnız arı yuvasına dəqiq baxış keçirildikdən (və ya əsas yaz yoxlanışı adlanır) sonra vermək olar. Bu yoxlanışı həyata keçirmək üçün pətəyi 5-10 dəqiqə, bəzən də çox açıq saxlamaq lazımdır. Bu, sürfənin soyuqlaması və ananın yumurta qoymasının dayandırılması ilə təhlükəlidir, ona görə də sakit, isti havada kölgədə havanın temperaturu 14-15°C-dən az olmadıqda yoxlanışı keçirmək lazımdır. Yoxlanışın məqsədi - hər bir ailə və yuvanın vəziyyətini müəyyən etmək, həmçinin onun gələcək inkişafı və artımı üçün lazımi tədbirlər görməkdən ibarətdir.
Əsas yaz yoxlanışı zamanı
Ailənin sağlamlığı, yəni ailədə ananın olub-olmaması, yaşlı, yoxsa gənc olması, məhsuldarlığı, sağlamlıq durumu və ya ailənin kifayət qədər güclü olması (yəni arıların neçə şanın üzərinə qonması) müəyyən edilir.
Sürfə necədir və nə qədərdir (sürfə bütöv, qarışıq, hörülmə, çürümə və ya askosferoz xəstəlikləri ilə xəstədir və s.)?
Pətəkdə bal varmı, hansı miqdardadır, şəkərlənməyib ki, turşumayıb kı, kiflənməyib ki?
Yuvada şanlar balla necə yerləşdirilib?
Yuva necədir, yuva güclü ailəyə nisbətən ensizdirmi, yəni məsələn, erkək qovuqcuqlarla, kifayət qədər köhnə (qara), kiflənmiş və deşikli sayılan, hamar olmayan, güləmlə xarab olmuş və ya güvə və gəmiricilər tərəfindən yeyilmiş pis şanlar, arıların qonmadığı şanlar varmı?
İshal nəticəsində arıların nəcisi ilə şanlar və pətək çirklənməyib ki?
Hər hansı bir xəstəliyin əlaməti yoxdur ki?
Yuvaya baxış keçirmək lazımdır. Bunun üçün pətəyin qapağı, istiləşdirici materialları və qismən tavanını (və ya müəyyən hissəsini) çıxarmaq lazımdır.
Ailənin gücü, hər hansı bir şanın yararlı olub-olmadığı müəyyən edilərək hər çərçivə ehtiyatla çıxarılır və diqqətlə baxış keçirilir. Eyni zamanda arıların olduğu çərçivə aralıqlarının sayı, şanların yararlı olub-olmadığı göstərilərək ailənin gücü müəyyən edilir.
Arıların neçə çərçivə aralığında olduğunu göstərərək ailənin gücünü müəyyən etmək lazımdır. Əgər arılar 7-8 yuva çərçivəsinin üzərinə yaxşı qonubsa, bu cür ailələr gücünə görə orta güclü ailə hesab olunur. Arılara yaxşı qulluq olunduqda onlar sürətlə artır və ilk yığıma kimi (məsələn, xaşadan) yaxşı inkişaf edir. 9 və daha çox çərçivənin üzərinə qonan arılar güclü ailə, 5-6 çərçivəyə qonan arılar isə zəif ailə hesab olunur.