17. Yuvaların qışlamaya hazırlanması
Payız vaxtı arıçının əsas vəzifəsi qışlama üçün arıları yaxşı şəraitlə təmin etməkdən ibarətdir. Bunun üçün yuvaları elə qurmaq lazımdır ki, arılar yem olan yerə keçə bilsin. Bu yem ehtiyatlarının düzgün yerləşdirildiyi təqdirdə mümkündür.
Yuvalar qurularkən arıların qış topasının hərəkət etməsini unutmaq olmaz. Onun hərəkəti çox yavaş olur və yalnız yuxarıya istiqamətlənir.
Bal süzüldükdən dərhal sonra yuvanın qurulması üzrə hazırlıq işləri başlayır. Yaxşı olardı ki, yuvanın qurulmasının son mərhələsi dağlıq ərazilərdə sentyabrın əvvəli, aran rayonlarında isə sentyabrın sonuna təsadüf etsin. O vaxta kimi yuvalarda sürfələrin sayı kəskin azalır. Düzdür, bəzi ailələr üçün yuvaları qurmaq bir o qədər də asan olmayacaq. Bu cür halda yuvanı elə hazırlayırlar ki, sentyabrın sonu əlavə çərçivələri götürmək mümkün olsun. Az bal yığımı olan ailədə arıları vaxtında yemləmək üçün yuvanın qurulması tez qurtarılmalıdır.
Adətən yayda bacanın qarşısında olan çərçivələrin əksəriyyəti sürfə ilə dolu olur. Bacadan uzaq olan çərçivələrdə isə sürfələrin sayı azalır. Bal yığımı zamanı uzaqlaşdırılmış çərçivələr tədricən balla dolmağa başlayır, ona görə də ananın yumurta qoyması üçün boş yer getdikcə azalır. Sonuncu sürfəni, adətən bacaya yaxın yerləşdirirlər, o, payızda çıxacaq, həmçinin burada boş şanlarda arılar qışlama zamanı topaya yığışacaq. Arıların topaya yığışması mxtəlif yerlərdə ayrı-ayrı vaxtlarda baş verir. Burada havanın temperaturu mühüm rol oynayır. Arılar balın üzərində otura bilməyəcək, çünki qışda bal çox soyuq olur.
Arı topası kürəyə oxşayır. Arılar sıx şəkildə çərçivə aralıqlarını (çərçivələrin arasında olan boşluğu) doldurur, həmçinin də boş qovuqcuqlara keçir. Ən çox arılarla dolu olan mərkəzi 2-3 çərçivə aralığı olur. Sonradan isə hər çərçivə aralığında arılar olduqca azalır.
Qışda bal yeyildikcə arılar onun dalınca hərəkət edir. Əvvəl arı topası üzü yuxarı qalxır, tavana çatdıqda isə o ya arxa divara tərəf hərəkət etməli və ya yerindən tərpənməməlidir. Bu yuva və çərçivələrin enindən asılıdır. Əgər pətəkdə arıların uçduğu hər bir yerdə yaza kimi çatan bal ehtiyatı olarsa, onlar ac qalmayacaq. Bal az olduqda və arılar onu yuvanın hər hansı bir hissəsində yeyərsə, onda onlar yem axtarmağa məcbur olacaq, boş şanlardan hələ də bal qalan ikinci tərəfə keçəcək. Arılar bəzən sürfə yaranana kimi ikinci tərəfə keçə bilmir və soyuqdan ölür, hərçənd ki, yuvada kifayət qədər yem ehtiyatı qalır.
Təbii şəraitdə arılar, əsasən ağacların oyuqlarında yuva qurur. Orada şanlar çox uzun (hündür), lakin ensiz olur. Yuxarı hissəsində, adətən bal, aşağıda isə yuva olur. Arı topasının qışda bir yolu var: baldan istifadə etdikcə arxasınca üzü yuxarı hərəkət etmək.
İnsanın saxladığı arılar hər hansı bir sistemdə olan pətəkdə yaşayır. Pətəyin növü, baca və bal ehtiyatlarının yerləşdirilməsindən asılı olaraq arı topasının hərəkəti müxtəlif olur. Bir neçə bu cür hərəkətləri nəzərdən keçirdək.
Məsələn, ensiz hündür çərçivəli pətəklərdə bal ehtiyatları və yuva elə yerləşdirilib ki, arılar əvvəl yuxarı hərəkət edir, sonra isə çox vaxtı alınmayan arxa çərçivələrə keçməyə çalışır, nə sağ, nə də sola hərəkət etmək olar, çünki çərçivələr ensizdir və arılar onu bütün eninə tutur (Şəkil 17.1).